Polisi tənqid edən repin ifaçısı Elşən Teymurov deyir ki, ona qarşı irəli sürülmüş narkotik ittihamı yalandır. Bildirir ki, onu elə həmin repə görə həbs ediblər. Bu barədə o, iyunun 22-də Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılarkən danışıb.
E.Teymurov iyunun 2-də həbs olunub. Ona Sabunçu Rayon Məhkəməsinin qərarıyla 60 günlük inzibati həbs cəzası verilib. E.Teymurov İnzibati Xətalar Məcəlləsinin 206.1 (narkotik maddələrin şəxsi istehlak miqdarında hazırlanması, saxlanması) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə təqsirli bilinib.
Buna da bax: 'Rüzgar' 30 gün həbsə məhkum edildi
Amma özü məhkəmədə bildirib ki, narkotik istifadəçisi deyil. İfa etdiyi replərdə, paylaşdığı videolarda da narkomaniyanı sərt tənqid edib, gəncləri bu pis vərdişdən çəkinməyə çağırıb.
Övladları Qarabağ döyüşlərində həlak olmuş analara polislərin güc tətbiq etməsini pisləyən videoya gəlincə, E.Teymurov deyib ki, polisin müsbət addımlarını tərifləyən bir çox repləri də var: "Mənim günahım yoxdur, şərləyiblər".
Buna da bax: Repçi Pərviz Quluzadə həbs edilib
E.Teymurovun sözlərinə görə, polisin tənqid olunduğu video 2019-cu ildə çəkilib. Həmin vaxt ona 15 günlük inzibati həbs cəzası verilib. Özü də videonu sosial şəbəkələrdən silib. Repçi deyir ki, sözügedən video təxminən bir ay əvvəl – Respublika Günü ərəfəsində onun özünün də xəbəri olmadan yenidən Youtube-a yüklənib. Bir neçə gün sonra onu həbs ediblər.
Repçinin vəkili Zibeydə Sadıqova da narkotik ittihamının əsassız olduğunu vurğulayıb. Vəkil E.Teymurov saxlandığı gün Sabunçu rayonu, 12-ci polis bölməsindəki kameraların qeydə aldığı görüntülərə baxış keçirilməsi, ondan narkotik tapıldığını iddia edən polis əməkdaşlarının dindirilməsi və s. haqda 10-a qədər vəsatət qaldırıb. Heç biri təmin edilməyib.
Hakim Əli Seyfəliyev, ümumiyyətlə, həbs qərarından verilmiş şikayəti də təmin etməyib. E.Teymurov haqqında 60 günlük inzibati həbs qərarı qüvvədə saxlanıb.