Xanımı Polad Aslanovun aksiyanı dayandırmadığını deyir

P.Aslanov

xeberman.com saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova yanvarın 17-də Baş Prokurorluğun inzibati binasının qarşısında təkbaşına etiraz aksiyası keçirib. O, Baş prokuror Kamran Əsədovla görüş də tələb edib.

Aslanova bildirib ki, həyat yoldaşının 2 il yarımdır qanunsuz həbsdə saxlanılmasına etiraz edir və onun cinayət təqibinə son qoyulmasını istəyir.

Polis əməkdaşları onun qarşısını kəsiblər. G.Aslanovaya Qəbul otağına getmək təklif olunub, amma o, imtina edib. Son nəticədə Aslanova Səbail rayon 9-cu Polis Bölməsinə aparılıb və bir müddətdən sonra sərbəst buraxılıb.

G.Aslanova AzadlıqRadiosuna bildirib ki, həyat yoldaşı bu gün, yanvarın 17-də zəng edib və yanvarın 6-dan başladığı aclıq aksiyasını davam etdirdiyini deyib.

Bu açıqlamaya, hələlik, Baş Prokurorluq və başqa cavabdeh qurumdan münasibət almaq mümkün olmayıb.

Ombudsman nümayəndələri aclıq edən sayt rəhbəri ilə görüşüblər

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri dünən, yanvarın 12-də həbsdə aclıq aksiyası keçirən xeberman.com saytının rəhbəri Polad Aslanovla görüşüblər.

Aparatın məlumatına görə, görüş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində gerçəkləşib: "…Hazırda müəssisənin tibb-sanitar hissəsində saxlanılan Polad Aslanov konfidensial qaydada qəbul olunub. Qida qəbulundan imtina etməsi səbəbi ilə ayrıca palata ayrıldığı və Polad Aslanovun gündəlik həkim nəzarətində olduğu müşahidə edilib".

Qurumdan açıqlamaya görə, məhkumla söhbət zamanı o, qida qəbulundan imtina səbəbi kimi barəsində olan cinayət işi ilə bağlı birinci və apellyasiya instansiyaları üzrə məhkəmə qərarlarını göstərib: "Habelə hazırda Ali Məhkəmənin icraatında olan işinə ədalətli baxılmasına nail olmaq istəyini qeyd edib. MPQ üzvləri Polad Aslanovun səhhətinin nəzarətdə saxlanılması, gündəlik həkim nəzarətinin davam etdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verib. Məsələ diqqətdə saxlanılır".

Bu açıqlamaya, hələlik, Məhkəmə Hüquq Şurasından münasibət almaq mümkün olmayıb.

Sayt rəhbərinin xanımı DTX-da qəbul edilib

xeberman.com saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova yanvarın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsində qəbulda olub. O, AzadlıqRadiosuna bildirib ki, görüşdə vəkil Elçin Sadıqov da iştirak edib.

G.Aslanovanın sözlərinə görə, idarədə ona bildirilib ki, məhkəmə qərarı artıq qüvvəyə minib, iş Ali Məhkəmədə baxılma mərhələsindədir və məhkəmənin işinə müdaxilə mümkünsüzdür: "Biz vəkillə Poladın hüquqlarının pozulduğunu, onun günahını sübuta yetirən faktların olmadığını desək də, bu nəticə vermədi".

Sayt redaktorunun həyat yoldaşı qeyd edib ki, yanvarın 6-dan aclıq aksiyası keçirdiyini açıqlayan P.Aslanov bu gün, yanvarın 12-də evə zəng vurmalı olsa da, zəng etməyib: "Ona ya zəng vurmağa imkan verilməyib, ya da səhhətində ciddi problemlər yaranıb".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və DTX-dan hər hansı münasibət almaq mümkün olmayıb.

G.Aslanova dünən, yanvarın 11-də DTX-nın inzibati binasının qarşısında təkbaşına aksiya keçirmişdi. Sonra o, DTX binasına dəvət edilmişdi.

Xatırlatma

xeberman.com saytının təsisçisi və baş redaktoru P.Aslanov 2019-cu il iyunun 12-də saxlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Həmin ilin noyabrında P.Aslanov 16 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, P.Aslanov dövlətə xəyanətdə - İranın xüsusi xidmət orqanlarına casusluqda suçlu bilinib. O, özünü təqsirli bilmir.

P.Aslanovun yanvarın 6-da işinin yenidən araşdırılması tələbi ilə aclıq aksiyasına başladığı ilə bağlı yaxınları açıqlama vermişdi. Lakin həmin məlumatı rəsmi qurumlardan, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.