Əli Kərimlinin sürücüsü həbsdə qaldı

Paşa Umudov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsdə olan sürücüsü Paşa Umudov haqqında 4 il 6 aylıq həbs hökmü dəyişdirilmədi. Baxmayaraq ki, Ali Məhkəmə Umudovla bağlı apellyasiya məhkəməsinin qərarını ləğv edib işi təkrar araşdırılması üçün bu instansiyaya qaytarmışdı, lakin nəticə dəyişmədi. Martın 10-da Bakı Apellyasiya Məhkəməsi onun haqqındakı hökmün qüvvədə saxlanmasına qərar verib.

Məhkəmədə Umudov özü də, vəkili Zibeydə Sadıqova da onun təqsirsiz olduğunu deyib.

"Narkotikdən uzaq adamam"

"Həbsim siyasi baxışlarım, fəaliyyətimlə bağlıdır. Mən, ümumiyyətlə, narkotikdən uzaq adamam. İstintaq dövründə vəsatət qaldırdıq ki, vəkilin iştirakıyla ekspertiza keçirilsin. Əgər qanımda narkotik çıxsa, hər şeyə razı olacam. Amma eləmədilər", – Umudovun sözləridir.

Buna da bax: Əli Kərimlinin sürücüsü: 'Narkotiki cibimə bu polis atdı...'

AXCP fəalı deyir ki, onu Milli Şuranın 19 oktyabr 2019-cu ildə keçirdiyi mitinq öncəsi həbs ediblər. Həmin ərəfədə onlarla başqa cəbhəçilər də həbs olunmuş, onlara müxtəlif müddətə inzibati həbs cəzası verilmişdi: "Mitinqöncəsi cəbhəçilərin həbs olunması halları çox olurdu. Mən özüm də bir neçə dəfə inzibati qaydada həbs olunmuşdum. Məni xəbərdar eləmişdilər ki, növbəti dəfə cinayət işi başlanacaq, inzibati həbs olmayacaq, uzunmüddətli həbsə göndəriləcəyəm".

O, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Umudov iddia edir ki, narkotiki cibinə bu idarənin əməkdaşlarından Rəşad Verdiyev atmışdı.

"Bəlkə evdə də kilolarla narkotik vardı?"

Vəkil də ittihamın əsassız olduğunu vurğulayıb. Sadıqova müvəkkilinin tutularkən müdafiə hüququnun pozulduğunu, narkotikin ona məxsusluğu və, üstəlik, satış məqsədilə əldə olunmasıyla bağlı yetərincə sübutlar olmadığını bildirib: "İş materiallarından görünür ki, onun üstünə baxış saxlandıqdan dörd saat sonra keçirilib. Hətta bir anlıq zənn edək ki, bu adamın üstündə narkotik olub, satış məqsədilə əldə edib. Bəs niyə polislər evinə baxış keçirməyib, bəlkə evdə də kilolarla narkotik vardı? Bütün bunlar sübut edir ki, polislər özləri də onun evində narkotik olmadığına əmin olublar".

Buna da bax: Almaniyadan qaytarılandan sonra həbs olunan azərbaycanlı: 'Zorlama ilə təhdid etdilər'

Vəkil və müvəkkilinin dediklərinə baxmayaraq, apellyasiya instansiyası Umudov haqqında hökmün əsaslı olması nəticəsinə gəlib. Nərimanov Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanıb.

Vəkil Sadıqova AzadlıqRadiosuna bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından yenidən Ali Məhkəməyə şikayət veriləcək.

Umudovun ifadəsində adını çəkdiyi polis əməkdaşı Rəşad Verdiyev məhkəmədə dindirilərkən onun cibinə narkotik atması barədə iddiaları təkzib edib.

Xatırlatma

59-yaşlı Paşa Umudov CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə suçlanır. Amma o, özünü təqsirli bilmir, Əli Kərimlinin sürücüsü olduğuna görə şərləndiyini bildirir.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi baxışlarına və ya mənsubiyyətinə görə təqib və ya təzyiqlərə məruz qalmadığını, siyasilərin konkret cinayət əməllərinə görə cəzalandırıldığını deyir.