Pakistana gedərək qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə suçlanan azərbaycanlılar cəzalandırılıb. Söhbət Şəki sakini, 42-yaşlı Mənsur Cumayevdən və əslən Laçın rayonundan olan 51-yaşlı Nəsir Cahangirovdan gedir.
Onlar 2011-ci ildə "Astara" sərhəd-nəzarət məntəqəsindən İrana keçərək oradan da Pakistana yollanıblar. Cinayət işinin materiallarında iddia edilir ki, sözügedən şəxslər Pakistanda "Səlahəddin" ləqəbli adamın rəhbərlik etdiyi birliyə daxil olublar. Onlar öncə təlimlərə, ardınca döyüşlərə qatılıblar.
Mənsur Cumayev döyüşlərin birində sinəsindən güllə yarası aldığını, dörd aya yaxın həkim nəzarətində qaldığını deyir. 2013-cü ildə Azərbaycana qayıtmaq istəsə də, alınmayıb, sərhədi qanunsuz keçmək cəhdinə görə Pakistanda həbsə düşüb.
Təqsirləndirilən Nəsir Cahangirov Pakistana yollanarkən məqsədi "ABŞ hərbçilərinə qarşı döyüşən din qardaşlarına yardım etmək olub". Dediyinə görə, cəmi iki dəfə döyüşlərə qatılıb, sonra düşərgəyə qayıdaraq Azərbaycana geri dönmək qərarına gəlib. 2012-ci ilin iyulunda bir yol tapıb və Vəziristan vilayətindən İrana keçib və oradan Azərbaycana qayıdıb.
Onları Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları 2021-ci il sentyabrın 8-də saxlayıb. Hər ikisinə Cinayət Məcəlləsinin 12.1, 279.1 (Azərbaycandan kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak) maddəsi ilə ittiham verilib.
Hər iki şəxs məhkəmədə əməllərindən peşman olduğunu söyləyərək himayələrində uşaqlarının olmasının nəzərə alınmasını və yüngül cəza verilməsini xahiş edib.
Fevralın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi onların hər birinə 6 ay həbs cəzası kəsib. Bu cəza müddəti martın 8-də tamam olacaq.