Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin bəzi əməkdaşlarının vəkil Orxan Kəngərli ilə bağlı cəzalandırıldığı bildirilir.
Bu barədə ilkin olaraq vəkil Anar Qasımlı məlumat yayıb.
“Mənə daxil olan məlumatlar görə, Daxili İşlər naziri Ramil Usubovun iyunun 7-də imzaladığı əmrlə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad olunub. Daha bir məlumat budur ki, nazirin digər əmri ilə əməliyyatçı və sahə müvəkkilinə töhmət, intizam məluliyyətinə cəlb etmə tətbiq edilib”, A.Qasımlı vurğulayıb.
Amma vəkilin bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi və sözü gedən polis əməkdaşlarından münasibət almaq mümkün olmayıb.
Orxan Kəngərli isə 2 nəfərin cəzalandırıldığını deyir
Vəkil Orxan Kəngərli də yayılan məlumatı təsdiqləyib. O, bildirir ki, bölmənin rəis müavini daxili işlər orqanlarından kənarlaşdırılıb, bölmənin təhqiqatçısı isə sərancama götürülüb: "Digər iki nəfər hazırda həmin bölmədə xidmətlərini davam etdirir.Hesab edirəm ki, onlar da xidmətdən kənarlaşdırılmalı və barələrində cinayət işi başlanmalıdır".
O.Kəngərli onunla bağlı məsələyə biganə yanaşılmadığına görə Vəkillər Kollegiyasının sədri Anar Bağırova və Daxili İşlər naziri Ramil Usubova da təşəkkür edib.
Vəkil Orxan Kəngərlinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində döyüldüyü bildirilir. Orxan Kəngərlinin artıq, ekspertizadan da keçdiyi deyilir.O.Kəngərlinin hüquqlarını müdafiə edən vəkil Tükəzban Aşurova AzadlıqRadiosuna ekspert rəyi ilə tanış olduqlarını, ancaq araşdırmaların davam etdiyini söyləyib: «Vəzifəli şəxslərdən şikayətlərin araşdırılması prokurorluğun səlahiyyətindədir. Ona görə də biz hadisədən sonra Binəqədi Rayon Prokurorluğuna şikayət etmişdik. Hər iki tərəf dindirilib, ekspertizanın rəyi alınıb. Araşdırmalar hələ davam edir».
O.Kəngərli onu döydüyünü, qanunsuz saxladığını iddia etdiyi şəxslərin cəzalandırılmasıyla yanaşı, həm də 4-cü Polis Bölməsinin son bir illik fəaliyyəti ilə bağlı xidməti yoxlama aparılmasını da istəyirdi.
Buna da bax: Ekspertiza döyüldüyünü deyən vəkil barədə rəy verib
DİN-dən nə deyilmişdi?
Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bu olayla bağlı ilkin açıqlamada vəkilin özünü qanunları pozmaqda günahlandırmışdı. Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə demişdi ki, O.Kəngərlinin polis bölməsində döyülməsi barədə iddialar yalandır, özünümüdafiə xarakteri daşıyır. Onun sözlərinə görə, O.Kəngərli oğurluqda şübhəli bilinərək saxlanan tanışına görə bölməyə gəlib, ancaq nə vəkil olduğunu deyib, nə də orderini təqdim edib: «Özünü və müvafiq orderi təqdim etməyən vəkil araşdırmanın gedişatına, nəticələrinə əsassız və qanunsuz olaraq müdaxilə etməyə cəhd edib. Bu zaman qanuni xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, onları təhqir edib və şöbənin normal iş rejimini pozub. Araşdırma zamanı onun vəkil Orxan Kəngərli olduğu məlum olub. Onun hərəkətlərinin yolverilməz olduğu özünə bildirilib. Əməli ilə bağlı hadisə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə sənədləşdirilib. Barəsində həmin maddəyə uyğun inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib».