Orduya dəstək yürüşü ilə bağlı son 12 nəfərə də cəza kəsildi

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda orduya dəstək aksiyası

2020-ci ilin iyulunda Bakıda keçirilmiş Orduya dəstək yürüşündən sonra həbs olunan 36 nəfərdən sonuncu – üçüncü qrupun da məhkəməsi yekunlaşıb. İyunun 22-də axşam saatlarında Səbail rayon Məhkəməsinin bu qrupdakı 12 nəfər haqqında çıxardığı hökm elan olunub.

Məlum olub ki, bu da əvvəlki iki qrupdakılar haqqında verilmiş hökmlə bənzərdir. Burada da təqsirləndirilən şəxslər yürüş zamanı Milli Məclisin binasına daxil olmaqda parlamentin qarşısında polis maşınını aşırmaqda və s. qanunsuz əməllərdə suçlu sayılıb. Amma onlara şərti cəza verilməsi qərara alınıb.

Buna da bax: Qarabağ əlili Qarabağ yürüşünə görə məhkum edildi

Bu qrupda mühakimə olunan 12 nəfərdən 7-si Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalıdır. Cəbhəçilərdən Ramid Nağıyevİsmayıl Həsənov 4 il, Ceyhun NovruzovBaba Süleymanov 3 il 9 ay, Telman Seyfullayev 3 il 6 ay, Məhəbbət Nağıyev 3 il 2 ay, Gündüz Mirzəyev isə 3 il 1 ay şərti azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərə də şərti cəza verilib.

AXCP mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, hökmdən apellyasiya şikayəti veriləcək. Cəbhəçilərin təqsirsiz olduğunu hesab edirlər: "Şərti məhkumetmənin məqsədi də AXCP funksionerlərinin gələcəkdə, yəni, hakimiyyətə lazım olan həbsini asanlaşdırmaqdır. Heç bir sübut-dəlil olmadan AXCP funksionerlərini saxta ittihamlarla məhkum ediblər. Apellyasiya məhkəməsinə şikayət verməklə ədalətli nəticə gözləntimiz yoxdur. Bu işi Avropa Məhkəməsi müstəvisinə çıxarmaq üçün prosedurdur, onu keçmək lazımdır".

Buna da bax: Orduya dəstək yürüşünü başladan şəxsə 2 il 6 ay həbs cəzası kəsildi

Xatırlatma

2020-ci il Ermənistanla Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakıda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib.

İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb.