Hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 17-i gecə saatlarında xəstəxanaya yerləşdirilib.
Bu barədə AzadlıqRadiosuna onun oğlu Təbriz Gülalıyev məlumat verib.
T.Gülalıyev bildirib ki, atasının xəstəxanaya yerləşdirilməsinin səbəbi səhhətində geriləmədir: "Beyninə maye yığılmağa başlayıb. Biz də təcili onu xəstəxanaya yerləşdirməyi qərara aldıq".
Hüquq müdafiəçisinin oğlunun qeyd etməsinə görə, O.Gülalıyevdən koronavirus infeksiyası ilə bağlı götürülmüş analizin nəticəsi pozitiv çıxsa da, səhhətində geriləmənin səbəbi infeksiya deyil: "Dünən, noyabrın 17-də məlum olub ki, koronavirus testinin nəticəsi pozitivdir. Amma biz beyninə mayenin yığılmasının səbəbinin məhz COVID olduğuna inanmırıq. Çünki atamda qızdırma yalnız baş nahiyəsində idi, bədənin temperaturu isə normal idi, digər simptomlar da yox idi. Amma hər halda test pozitiv çıxıb və atam "Yeni Klinika" xəstəxanasına yerləşdirildi".
Buna da bax: Sürücü Oqtay Gülalıyevi görmədiyini deyibT.Gülalıyev həmçinin bildirib ki, artıq neyrocərrahların konsiliumu keçirilib və O.Gülalıyevin kompüter tomoqrafiyasından keçirilməsi məsləhət görülüb: "Hazırda tomoqrafiyaya aparıldı. Nəticələr barədə məlumat verəcəyik".
Bu deyilənlərə xəstəxananın özündən və Səhiyyə Nazirliyindən, hələlik, hər hansı münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulduğu bildirilir. Onun başından aldığı zədə nəticəsində hələ də komada olduğu deyilir.
Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması - ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda bu işlə bağlı məhkəmə gedir.
Buna da bax: 'Oqtay bəy ayılıb soruşdu ki, 'Şirin, mənə nə olub?''O.Gülalıyev qəzadan sonra, elə 2019-cu il oktyabrın 29-da axşam Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə "City Hospital"da əməliyyat edilib.
Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilirdi. O, bir müddət öncə Azərbaycana gətirilib.
O.Gülalıyevin vurulduğu avtomobilin sürücüsü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar və müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.
Bu müddət ərzində hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.