Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Ağstafa rayon keçmiş icra başçısı Nizaməddin Quliyevin ölümü ilə bağlı məlumat yayıb.
Xidmətin məlumatına görə, N.Quliyev sentyabrın 8-də müalicə aldığı xəstəxanada vəfat edib: "Son günlər Nizaməddin Quliyevin bədən hərarətinin 37.1-37.4C olması səbəbindən zəruri instrumental müayinələrə cəlb edilib, o cümlədən koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olsa belə, profilaktik müalicə alıb".
Qeyd olunub ki, sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya əlamətləri aşkar olunaraq "COVID-19 infeksiyasına yoluxma" diaqnozu təyin edilib: "O, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib. Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq, arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən 1954-cü il təvəllüdlü N.Quliyev orada vəfat edib".
N.Quliyev Goranboy, daha sonra isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olub. O, 2019-cu ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs edilib. Rüşvət və başqa cinayətlərdə ittiham edilib. Bu il Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə ona 9 il həbs cəzası verilib. Keçmiş başçının hökmlə razı olmadığı bildirilirdi.