Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, partiya sədri Əli Kərimlinin mühafizəçisi olmuş Niyaməddin Əhmədovun həbs qərarından şikayət verilmişdi. İyunun 3-də Bakı Apellyasiya Məhkəməsində o şikayətə baxılsa da, təmin edilməyib. Terroru maliyyələşdirməkdə suçlanan N.Əhmədov haqqında Nəsimi Rayon Məhkəməsinin həbs qərarı qüvvəsində saxlanılıb.
Bu barədə AzadlıqRadiosuna Repressiya və İşgəncələr Əleyhinə Komitənin üzvü Zəfər Əhmədov məlumat verib: "Məhkəməyə Niyaməddin Əhmədovun özünü də gətiriblər. Deyib ki, küçədə tutulması barədə məhkəmə qərarında yazılanlar yalandır. Onu inzibati həbs olunanların saxlandığı məntəqədən, gündüz saat 16:00 radələrində aparıblar. Terroru maliyyələşdirmə ittihamının, xaricdə yaşayan həmkəndlisi Qabil Məmmədovdan bu məqsədlə pul alması haqda yazılanların absurd olduğunu bildirib. Ona deyiblər ki, guya Qabili tezliklə Azərbaycana gətirəcəklər, üzünə dayanacaq".
Buna da bax: Əli Kərimlinin həbsdəki mühafizəçisi: 'Məni videoya çəkmək istəyirdilər'
Məhkəmədə Baş Prokurorluğun Ağır cinayətlərə dair i̇şlər üzrə i̇stintaq i̇darəsində bu işin istintaqını aparan müstəntiq Ramil Babayev də məhkəmədə iştirak edib. O, N.Əhmədov haqqında həbs qərarının dəyişdirilməsinə etiraz edib. Əsas kimi isə göstərib ki, o, ağır cinayətdə ittiham olunur və cəmiyyət üçün təhlükəlidir.
"Belə bir uşağa qarşı bu nə qarayaxmaqdır?"
N.Əhmədovun atası Arif Əhmədov da oğluna qarşı irəli sürülmüş terror ittihamının əsassız olduğunu deyir. Oğlunun AXCP sədri Əli Kərimlinin tərəfdarı olduğuna görə cəzalandırıldığını düşünən A.Əhmədovun sözlərinə görə, terror ittihamı nəinki valideyn kimi onlara, Niyaməddini tanıyan bütün kənd camaatına pis təsir edib: "Niyaməddini tanıyanların hamısı dəhşətə gəliblər ki, belə bir uşağa qarşı bu nə qarayaxmaqdır? Terror hara, Niyaməddin hara... Hamısı uydurma, yalandır".
N.Əhmədov Tovuz rayonundandır. Atası deyir ki, Niyaməddinin işbirliyində ittiham olunduğu Qabil Məmmədov onlarla eyni kənddə yaşayıb: "Eyni kənddən olsaq da, heç yaxın qonşu da deyilik. Oğluma qarşı bundan bəhanə kimi istifadə edirlər".
Buna da bax: AXCP: 'Hələ də onun üzərində işgəncə izləri var'
N.Əhmədov aprelin 15-dən həbsdədir. Öncə ona karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası verilib. Bu cəza başa çatan kimi də barəsində cinayət işi başlanıb. A.Əhmədov aprelin 15-dən bu yana oğlunu nə görmədiyini, nə də səsini eşitmədiyini bildirir: "Kürdəxanıya (Bakı İstintaq Təcridxanasına-red.) ərzaq, paltar aparıblar, götürməyiblər ki, öz ailə üzvləri gətirsin. Ona görə məcbur olub, Bakıya gəldim, iyunun 1-də apardım. İlk dəfə paltar, yemək götürdülər. Cavab da göndərdi ki, gətirilənləri alıb. Amma telefonla danışmağa, görüşməyə qoymurlar. Eşitmişəm ki, ona çox ağır işgəncələr veriblər, böyrəkləri qanayıb. Səsini eşidə, üzünü görə bilmirəm ki...".
A.Əhmədov ümid edir ki, dövlət rəhbərliyi müdaxilə etsə, oğluna qarşı ədalətsizliyin qarşısı alınar.
Xatırlatma
N.Əhmədov CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham olunur. O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. Prokurorluq iddia edir ki, Q.Məmmədov Azərbaycanda terror törətmək istəyib, bu məqsədilə N.Əhmədova pul göndərib.
CM-in 214-1 mddəsində 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.
AXCP də bu ittihamın absurd olduğunu bəyan edib, N.Əhmədovun həbsini isə partiyaya və Ə.Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.
N.Əhmədov həm də Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi idi. Milli Şuranın 19 oktyabrda Bakıdakı mitinqində Ə.Kərimli saxlanılan ana qədər onun yanında olmuşdu.
Azərbaycan rəsmiləri ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını bəyan edir.