Niyaməddin Əhmədovun atası: "Nə qədər xahiş etsəm də…"
Bu gün, oktyabrın 8-də 13 il həbs cəzası alan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədovun artıq 15 gündür aclıq aksiyası keçirdiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna onun atası Arif Əhmədov məlumat verib. Onun sözlərinə görə, bu gün, oktyabrın 8-də oğlu ilə görüşüb: "Nə qədər xahiş etsəm də, aclığı dayandırmayacağını dedi. Dedi ki, mənə haqsız yerə 13 il iş veriblər, mənim ittiham olunduğum maddələrlə əlaqəm yoxdur".
Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Buna da bax: Niyaməddin Əhmədovun səhhətinin pisləşdiyi deyilirFuad Əhmədlinin 30 sutka həbs edildiyi deyilir
13 il həbs cəzası alan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədovun məhkəməsindən öncə saxlanan fəallardan Fuad Əhmədlinin də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunduğu deyilir.
Bu barədə AXCP-dən məlumat verilib.
Amma məlumatı, hələlik, məhkəmədən dəqiqləşdirmək mümkün olmayıb.
Fəalların bir çoxu Şamaxı yolunda buraxılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) verilən məlumata görə, bu gün, oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi önündə saxlanan fəallardan bir çoxu Şamaxı rayonuna gedən yolda sərbəst buraxılıb.
Əsasən qadınlardan ibarət olduğu deyilən bu fəallara fiziki zor tətbiq edildiyi də bildirilir. Fəallardan Fuad Əhmədlinin isə hələ də buraxılmadığı vurğulanır.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
+++
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov 13 il azadlıqdan məhrum edildi. Bu barədə oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb.
Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasının hökmünə əsasən, Əhmədov CM-in 214-1 (terroru maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə təqsirli bilinib.
"Həbsimin səbəbi..."
Məhkəmə prosesi Əhmədovun özünün iştirakı olmadan keçirilib. O, məhkəməyə Bakı İstintaq Təcridxanasından videokonfrans vasitəsilə qoşulub.
Həm vəkil Zibeydə Sadıqova müdafiə çıxışında, həm də AXCP fəalı son sözündə ittihamların əsassız olduğunu vurğulayıb, bəraət hökmü çıxarılmasını istəyib. Əhmədov bildirib ki, 7 ay davam edən məhkəmə prosesində onun təqsirli olduğunu təsdiqləyən heç bir sübut ortaya qoyulmadı. Əksinə, onun günahsız həbs olunduğu, siyasi motivlərlə cəzalandırıldığı bir daha təsdiqlənmiş oldu: "Həbsimin səbəbi AXCP üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla, könüllü şəkildə mühafizəçisi olmağımdır".
Ardınca hakimlər müşavirəyə çıxıb və geri qayıdaraq 13 illik həbs hökmünü elan edib.
Buna da bax: 'Mənə dedilər ki, ya Əli Kərimlini seçməlisən, ya da atanı...'"Adam nə deyəcəyini də bilmir"
Vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək: "Hökmü qanunsuz və əsassız hesab edirik. İttihamları təsdiqləyəcək heç bir sübut ortaya qoyulmadı…".
Təqsirləndirilən cəbhəçinin atası Arif Əhmədov da oğlunun siyasi sifarişlə cəzalandırıldığını deyir. Onun sözlərinə görə, Niyaməddindən AXCP sədrinin yanında olduğuna görə bu cür amansızlıqla qisas alınır: "Bu hakimiyyət insanlığa yaraşmayan elə hərəkətlər eləyir ki, adam nə deyəcəyini də bilmir. Bir hökumət öz vətəndaşına qarşı necə düşmənçilik eləyərsə, biz bunun əyani sübutunu görürük. Günahsız bir oğula 13 il həbs cəzası vermək heç nəyə sığmır…".
Məhkəmədən öncə cəbhəçilər saxlanıb
Bu gün, oktyabrın 8-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir neçə fəalı saxlanıb.
Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib. Onun sözlərinə görə, həbsdə olan partiya üzvü Niyaməddin Əhmədovun oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə iclası olmalıdır. Onun vurğulamasına görə, prosesdə iştirak etmək istəyən AXCP üzvlərindən saxlananlar var: "Polis əməkdaşları sakit dayanan altı partiya fəalını saxlayıb apardılar. Hazırda məhkəmə binasının önündə çoxsaylı polis əməkdaşları var".
Daxili İşlər Nazirliyindən isə "Turan"a bildirilib ki, məhkəmənin qarşısında saxlanan yoxdur.
Xatırlatma
AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğu söylənən Niyaməddin Əhmədov ötən il həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Almaniyada sığınacaq almış Qabil Məmmədovla əlaqədə ittiham olunur. Həm AXCP, həm də Məmmədov ittihamı rədd ediblər. Prokuror bundan əvvəlki məhkəmə iclasında ona 15 il həbs cəzası verilməsini istəyib.