Niyaməddin Əhmədovun səhhətinin pisləşdiyi deyilir

N.Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Niyaməddin Əhmədovun səhhətinin ağırlaşdığı bildirilir.

Bu barədə N.Əhmədovun yaxınları məlumat verib. Onların vurğulamasına görə, o, saxlandığı Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində quru aclıq elan edib.

Yaxınlarının deməsinə görə, o, sentyabrın 22-də dövlət ittihamçısının məhkəmədə ona 15 il həbs cəzası istəməsinə etiraz olaraq aclıq aksiyasına başladığını açıqlamışdı: "O, artıq quru aclıq elan edib, su içməkdən belə imtina edib. Hazırda hərəkət edə bilmir, onu telefonla danışmaq üçün əlil arabası ilə gətirdikləri deyilir".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğu söylənən Niyaməddin Əhmədov ötən il həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Almaniyada sığınacaq almış Qabil Məmmədovla əlaqədə ittiham olunur. Həm AXCP, həm də Məmmədov ittihamı rədd ediblər. Prokuror məhkəmədə ona 15 il həbs cəzası verilməsini istəyib.