Noyabrın 19-da Ali Məhkəmənin Plenumu NİDA-çıların (NİDA Vətəndaş Hərəkatı) işi üzrə məhkum olunmuş şəxslərdən dörd nəfərə bəraət verilməsi barədə qərar qəbul edib. Qərarda onlara ümumilikdə 188 min manat kompensasiya ödənilməsi də yer alıb.
Bu barədə AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev məlumat verib. Vəkil qərarın Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli və Zaur Qurbanlı ilə bağlı olduğunu deyib: "Proses yazılı qaydada, yəni tərəflərin iştirakı olmadan keçirilib".
Ə.Mustafayev hesab edir ki, bu qərar ölkədə hüquq sistemində dəyişikliklərin dərinləşməsinə ümid yaradır: "Həmçinin ümid edirəm ki, yaxın zamanlarda Konvensiyanın 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri), habelə 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüquqi) pozuntusu tanınmış digər qərarlara baxılaraq belə ədalətli qərarlar qəbul olunacaq".
Sizin brauzer HTML5-i dəstəkləmir
İşin mahiyyəti
2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə NİDA Vətəndaş Hərəkatı fəalları Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il və Şahin Novruzlu 6 il həbs cəzası alıblar. Onlar Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə) 228.1-ci (... silah, partlayıcı maddələr və qurğular əldə etmə) və 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi və əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə) maddələri ilə ittiham olunublar. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) şikayətləri ilə bağlı kommunikasiyaya başladığı zaman, İ.Rüstəmzadə istisna olmaqla, onların hamısı əfv sərəncamı ilə azadlığa çıxıb. 8 il azadlıqdan məhrum olunan İ.Rüstəmzadə 6 il həbsdə qalıb. "Amnesty International" bu fəalları "vicdan məhbusu" kimi tanıyıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) hələ 2020-ci il martın 5-də səkkiz nəfər ictimai-siyasi fəalın işinə yenidən baxılması üçün Azərbaycana çağırış etmişdi. Onlar ReAL Partiyasının sədri İlqar Məmmədov, partiyanın İdarə Heyətinin üzvü Rəsul Cəfərov, hüquq müdafiəçisi İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədov və bu dörd keçmiş NİDA-çı idi.
Ötən il Ali Məhkəmənin plenumunun qərarı ilə İ.Məmmədov və R.Cəfərov barəsindəki cinayət işlərinə bəraətverici əsaslarla xitam verildi. Azərbaycan hökuməti İ.Məmmədova 234 min, R.Cəfərova isə 57 min 400 manat kompensasiya ödəməlidir.
AŞNK 2021-ci il iyunun 9-da çıxardığı qətnamədə isə Azərbaycan dövlətini haqqında AİHM-in qərarları olan bir qrup şəxsin hüquqlarını dərhal bərpa etməyə çağırıb. Bu dəfə sənəddə Anar Məmmədli, İntiqam Əliyev, jurnalist Xədicə İsmayıl, sözügedən dörd keçmiş NİDA-çıdan başqa ictimai fəallardan Bayram Məmmədov (2021-ci ilin mayında Türkiyədə vəfat edib), Qiyas İbrahimov və siyasətçi Natiq Cəfərlinin adı çəkilib. N.Cəfərlinin cinayət təqibinə xitam verildiyi, amma üstündə vergi borcu qaldığı bildirilib.