Cəlilabadın keçmiş icra başçısı, ilyarımdır həbsdə olan Namiq Zeynalovun işi üzrə məhkəmə araşdırmaları yekunlaşıb. Ona 13 il həbs cəzası istənilib. İyunun 3-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.
Prokuror deyib ki, sabiq icra başçısına qarşı mənimsəmə, rüşvətalma, vəzifə saxtakarlığı kimi ittihamlar məhkəmə araşdırmaları zamanı təsdiqini tapıb.
Zeynalovun vəkilləri prokurorla razılaşmır. Onlar müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Hakim Xamməd Nuriyev vəkillərə bir həftə vaxt verib. İyunun 10-da vəkillər çıxış edəcək, ardınca sabiq icra başçısı son sözünü deyəcək və hökm elan olunacaq.
Namiq Zeynalov 2020-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Cəlilabad rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, icra başçısı vəzifəsinə 2018-ci ilin fevralında təyin edilmişdi. Bundan öncə isə Zeynalov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
Azərbaycanda icra başçılarının həbsi 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarının icra hakimiyyəti başçıları DTX əməkdaşları tərəfindən həbs edilib. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib.