İyunun 2-də İkinci Qarabağ müharibəsinin bəzi iştirakçıları Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçılarının sözlərinə görə, onlara hələ də pensiya təyin edilməyib və kompensasiya ödənilməyib: "Bizə əlillik vermirlər, aylar əvvəl komissiyadan keçənlərin hələ də cavabı gəlməyib. Qanuna görə, 14 gün ərzində cavab gəlməlidir. Yanvar-fevral ayında müraciət edənlər var, cavab hələ də gəlməyib. Bəzilərinə görə isə, diaqnoz qoyulduğuna baxmayaraq qanunsuz imtina gəlib. Bura yığışmamızın səbəbkarı birbaşa Sahil Babayevdir".
Nazirliyin binasına keçən aksiyaçılardan bir neçəsinin halı pisləşib. Bunu görən digər aksiya iştirakçıları da binaya daxil olublar. Polis əməkdaşları halı pisləşən keçmiş hərbi qulluqçulara yardım göstərib. Sonra isə hadisə yerinə Təcili Tibbi Yardım gəlib.
Buna da bax: 'Mən nə yeməliyəm?'- Müharibə iştirakçısıNazirlik rəsmisindən cavab
Daha sonra aksiya iştirakçılarının qarşısına çıxan nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır: "Bura gələn bir neçə qazini mən tanıyıram. Onların əlilliklə bağlı müraciətləri olmuşdu və dəfələrlə onların hər birinə izah etmişik ki, onların sağlamlıq vəziyyəti əlillik təyinatına əsas vermir. Buna baxmayaraq onlar bir neçə dəfə nazirliyə gəliblər və belə xoşagəlməz vəziyyət yaranıb".
Onun sözlərinə görə, hər bir müraciət qeydə alınacaq, araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək: "Hər bir müraciətə həssaslıqla yanaşılır, qazilərin məşğulluq məsələləri, əlillik təyinatı və digər məsələlər həll olunub və bundan sonra da olunacaq".
Buna da bax: 'Qul bazarı'na çıxan müharibə iştirakçısıNazirlikdən bundan əvvəl bildirilib ki, İkinci Qarabağ müharibəsinin iştirakçılarından indiyə qədər 2 min 700-dən çox şəxsə əlillik status verilib.
İkinci Qarabağ müharibəsinin bəzi iştirakçıları bundan əvvəl də oxşar aksiyalar keçiriblər.
2020-ci ildə 44 gün davam edən və işğal altında olan Azərbaycan ərazilərinin yarıdan çoxunun azad olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsində rəsmi Bakı 3 min hərbi qulluqçu itirdiyini açıqlayıb. Qonşu Ermənistanla gedən bu müharibədə yaralananların dəqiq sayı isə bilinmir.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.