Azərbaycanda yerli mövsümi meyvə-tərəvəzin qiymətində ötən illə müqayisədə ciddi bahalaşma müşahidə edilir. Hazırda Bakının bəzi bazarlarında 1 manat 40 qəpikdən ucuz normal kartof tapmaq çətindir. Halbuki, ötən il bu vaxt kartofun qiyməti 80-90 qəpik arasında dəyişirdi. Soğan, pomidor, çiyələk və digər yerli meyvə-tərəvəzlərdə də müəyyən bahalaşma görünür.
Kənd Təsərrüfat Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin saytında Salyan və Zirə pomidorunun bir kilosunun pərakəndə satış qiyməti 3.15 manat göstərilib. Xiyarın qiyməti 1.55-2 manat arasında dəyişir, kartofun bir kilosu 1-1.35 manat, qırmızı soğanın qiyməti isə 2 manat təqdim edilib. Ötən ilin həmin dövründə pomidorun bir kilosu 2.10-2.40 manat arasında dəyişirdi, xiyarın qiyməti 0.7-1.10 manat təşkil edirdi.
Sizin brauzer HTML5-i dəstəkləmir
"Yaşıl bazar"da satıcılar AzadlıqRadiosuna deyib ki, pomidor, badımcan, bibər, xiyar kimi məhsullar Rusiyaya satıldığı üçün ölkədə qiyməti qalxıb. Kartof və soğana gəlincə, onlar qeyd edir ki, apreldə İrandan bu məhsulların ixracına qadağa qoyulandan sonra Azərbaycanda onlar da bahalaşıb. Satıcılar səbəblərdən biri kimi havaların qeyri-sabit keçməsini də göstərirlər. Onların sözlərinə görə, bu səbəblərdən hazırda alıcı qıtlığı yaşanır.
"Kartof və soğanın qiymətlərdə dəyişiklik olmamalıdır"
Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a bildirilib ki, meyvə-tərəvəz bazarında heç bir qıtlıq yoxdur: "Hava şəraiti də qiymətlərə təsir edə bilməz. Kartof və soğanın qiymətlərdə heç bir dəyişiklik olmamalıdır".
Pomidorun qiymətinə gəlincə isə, qeyd olunub ki, yeni məhsulun bazara çıxması ilə qiymət normallaşacaq.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə deyilib ki, kartof və soğanın qiyməti mövsümdən asılı olaraq dəyişə bilər: "Antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında vaxtaşırı monitorinqlər aparılır. Əgər qanunvericiliyin pozuntusu olarsa, ciddi tədbirlər görüləcək".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Enerjidaşıyıcıların qiymətində artım baş verib"
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, yerli kənd məhsullarının qiymətinin artmasının bir neçə səbəbi var: "Son iki ildə enerjidaşıyıcıların qiymətində artım baş verib və istehsalçıların xərcində, əldə etdikləri istehsal vasitələrinin qiymətində artım baş verib".
Ekspertin sözlərinə görə, ikinci səbəb odur ki, ölkədə yetərincə kənd təsərrüfatı məhsulları istehsal olunmur: "Təklif azdırsa, mütləq qiymətlər artır. Azərbaycan heç bir adda məhsulu özünü təmin edəcək həcmdə istehsal edə bilmir".