'Dərsliklər şagirdlərin yaş və psixologiyasına uyğun deyil'

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanda dərsliklər necə hazırlanır? (Arxiv. 2015)

Dünyanın bir çox qabaqcıl ölkələrində məktəblər elektron dərsliklər sisteminə keçir. Azərbaycanda isə adi kağız dərsliklərdə tez-tez səhvlərin olması, kitabların bir-iki ilə istifadə üçün yararsız hala düşməsi barədə şikayətlər səsləndirilir.

Təhsil Nazirliyindən "Turan"a bildirilib ki, daim dərsliklərin məzmun keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür: "Sonra isə keyfiyyəti təmin olunan dərsliklərə dair ictimai rəyin öyrənilməsinə başlanılır. Bununla yanaşı, nəşrqabağı ekspertiza aparılır. Rəylər əsasında dərsliklər təkmilləşdirilir, bir daha yoxlanılır və daha sonra çap olunur".

Sizin brauzer HTML5-i dəstəkləmir

Dərsliklərdə rəhbərə mədhiyyələr

"Ya təkmilləşdirilir, ya da yeniləri ilə əvəz olunur"

Nazirlikdən vurğulanıb ki, dərsliklər, hökumətin verdiyi müvafiq qərara uyğun olaraq, bir neçə il müddətinə istifadə üçün çap edilir: "Bu zaman isə dərsliklər məzmun üzərində görülən işlərdən asılı olaraq, ya təkmilləşdirilir, ya da yeniləri ilə əvəz olunur. Qaydalara əsasən, dərsliklər hər tədris ilinin sonunda şagirdlərdən geri yığılır. Yalnız bundan sonra istifadə üçün yararsız olan dərsliklərin sayı dəqiq müəyyən edilir. Daha sonra bu dərsliklər, mövcud qaydalara uyğun olaraq, kitabxana fondundan çıxarılır və verilmiş sifariş əsasında dövlət tərəfindən yeniləri ilə əvəz olunurlar. Hər tədris ilində yararsız vəziyyətə düşən dərsliklərin orta sayı istifadədə olan dərsliklərin 15 faizini aşmır.​".

"Elektron dərslik portalı istifadəyə verilib"

Qeyd edilib ki, 2014-cü ildə Təhsil Nazirliyi elektron dərslik portalı (e-derslik.edu.az) istifadəyə verib: "Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, məktəblilər istənilən vaxt və istənilən məkanda dərsliklərə müraciət edə bilirlər. Həmin portalda 230-dan çox elektron dərslik, 20-dən çox metodik vəsait və sinifdənxaric oxu materiallar olmaqla, ümumilikdə təqribən 260 elektron vəsait mövcuddur".

K.Əsədov

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda dərslik siyasətinə görə, dərsliklər beş ildən bir dəyişdirilir: "İstisna olaraq dərslikdə hər hansı ciddi səhv varsa, mətn redaktə olunaraq yenidən istifadəyə verilir. Hər beş ildən bir dərsliklərin dəyişməsi elmdə, texnologiyada yeniliklər, kəşflər və ixtiralar ilə bağlıdır".

Ekspertin ehtimalına görə, dərsliklər çap olunanda qiymətlərində müəyyən şişirdilmələr ola bilər, əlavə edir ki, lakin 2003-cü ildən etibarən dərsliklər şagirdlərə pulsuz verilir: "Eyni zamanda, Təhsil Nazirliyinin müvafiq portalında bütün dərsliklərin elektron variantı var".

"Bu, ciddi problemdir"

Onun sözlərinə görə, Azərbaycanda dərslər elektron alətlərlə keçsə, onu redaktə etmək daha asandır və daha az xərclidir: "Amma bizdə tədrisin elektron varianta keçməsi əlçatan deyil. Biz bunu koronavirus pandemiyası dövründə gördük. Hətta onlayn dərslərin keçməsi üçün şagirdlərimizin heç də hamısının planşeti, telefonu və internetə çıxış imkanı yoxdur. Bu, ciddi problemdir".

Sizin brauzer HTML5-i dəstəkləmir

Dərsliklərdə Cümhuriyyət haqda məlumatlar ildən-ilə azalır

"İbtidai siniflər üçün dərslikləri şagirdlər qavraya bilmir"

K.Əsədov hesab edir ki, Azərbaycanda dərsliklərin ən ciddi problemi informasiya yükünün çox olmasıdır: "Dərsliklər şagirdlərin yaş və psixologiyasına uyğun deyil. İbtidai siniflər üçün yazılmış dərslikləri həmin şagirdlər qavraya bilmir. Burada hədsiz çox informasiya var, hansı ki, daha yuxarı yaş şagirdlər üçün nəzərdə tutulub. Eyni zamanda, şrift ölçüləri çox balacadır, kağız da keyfiyyətli deyil".

Onun sözlərinə görə, üstəlik, onlar tez sıradan çıxırlar: "Bu, hətta şəhər, kənd yerlərinə görə dəyişir. Elə rütubətli yerlər var ki, orada dərsliklər daha tez sıradan çıxırlar. Hər il dərsliklərin 12-15 faizi yenidən çap olunur, ona görə ki, kitablar korlanır. Hər il, demək olar ki, 50-60 milyon sayda kitab çap olunur. Sənəddə kağızın keyfiyyəti yaxşı göstərilə bilər, amma reallıqda keyfiyyəti daha aşağı göstəricilərə malik kağızdan istifadə oluna bilir".

Səslənən bu ehtimallara Təhsil Nazirliyindən münasibət almaq mümkün olmayıb.