Azərbaycan Prezidenti İlham Əliyev Yeni İl münasibətilə xalqa müraciətində dedi ki, iqtisadi sahədə aparılan islahatlar, şəffaflıq, korrupsiya və rüşvətxorluqla mübarizə öz nəticələrini verməkdədir. "Təkcə vergi orqanları sayəsində xəzinəyə proqnozdan əlavə 1.4 milyard manat pul daxil edilib və bu puldan istifadə edərək biz geniş sosial paket tədbirlərini keçiririk...", - deyə o vurğulayıb.
Bəs görəsən, ölkədə həqiqətənmi korrupsiya ilə mübarizə öz nəticəsini verib?
"Güclü siyasi iradəyə uyğun olaraq…"
Baş Prokurorluqdan da "Turan"a bildirilib ki, ölkədə korrupsiyaya ilə mübarizə güclü siyasi iradəyə uyğun olaraq bütün istiqamətlərdə aparılır: "Qanunvericilik, cinayət təqibi, maarifləndirmə sahəsində intensiv tədbirlər həyata keçirilir".
Sizin brauzer HTML5-i dəstəkləmir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən də deyilib ki, 2021-ci ilin 11 ayında dövriyyələrin şəffaflaşdırılması, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında bərpa templəri vergi və sosial sığorta daxilolmalarını artırıb: "2021-ci ilin yanvar-noyabr aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 7 milyard 961.8 milyon manat vergi daxil olub, proqnoza 121 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 15.7 faiz və ya təqribən 1.1 milyard manat artıb".
Buna da bax: Azərbaycanda neçə nəfər fəal vergi ödəyicisi var?"Əməkhaqqı fondunun "ağarması"…"
Qeyd olunub ki, ödənilən vergilərin 73.7 faizi qeyri-neft-qaz sektorunun, 26.3 faizi isə neft-qaz sektorunun payına düşüb.
Xidmətdən bildirilib ki, 2021-ci ilin yanvar-noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 433.1 milyon manat təşkil edib. Vurğulandığına görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur: "Daxilolmalar üzrə proqnoz 309.6 milyon manat artıq icra olunub".
Habelə bildirilib ki, dekabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 7.2 faiz artaraq 660 min 838 təşkil edib.
"Kompleks tədbirlər olmalıdır"
İqtisadçı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, artımdan söhbət gedirsə, büdcəyə daxil olan məbləğin mənbəyi açıqlanmalıdır: "Əgər bu, cərimələrin və ötən dövrlərdə hesablanmış, amma büdcəyə ödənməyən vergilərdən gəlirsə, bu, heç də antikorrupsiya əlamətləri deyil".
Onun fikrincə, yox, əgər bu məbləğ həbs olunmuş məmurların dövlət büdcəsinə ödəməli olduğu vəsaitlərdəndirsə, onda onu antikorrupsiya tədbirləri nəticəsində xəzinəyə daxil olmuş vəsait kimi dəyərləndirmək olar.
N.Bəydəmirli qeyd edib ki, Vergi Xidməti əvvəlkindən daha şəffaf işləməyə başlayıb: "Ancaq bu, yetərli deyil. Mən güman etmirəm ki, bir qurumda ideal vəziyyəti yaradıb, digər qurumlarda vəziyyəti eyni qoymaq olar. Kompleks tədbirlər olmalıdır".
Buna da bax: Azərbaycanda işsizliyin yüksək səviyyəsini göstərən faktlar"…Traybalizmin olmamasını özündə ehtiva edir"
N.Bəydəmirlinin gümanına görə, ola bilər ki, həmin 1.4 milyarda gömrük orqanlarının bəyannamə qiymətini tətbiq edərək sahibkarlardan əlavə topladığı vəsaitlər da daxildir: "Görünən odur ki, bu, vətəndaşların maddi rifahının pisləşməsi hesabına baş verir. Yəni, hökumət süni qiymət artımı yaradır, tarifləri artırır və nəticədə bu da dövlət büdcəsinə daxilolmalara da təsir göstərir. Bütün bunlar vətəndaşların hesabına baş verir və bizim cibimizdən çıxan vəsaitdir".
O hesab edir ki, ölkədə korrupsiya və rüşvətxorluqla mübarizə, demək olar ki, aparılmır: "Korrupsiya ilə mübarizə ilk növbədə hər kəsin bərabər hüquq və vəzifələrinin olmasını ehtiva edir. Eyni zamanda, xalq tərəfindən seçilmiş parlament vasitəsilə hökumətə nəzarət etmək funksiyasını, müstəqil media fəaliyyətini, qohumbazlığın, traybalizmin olmamasını özündə ehtiva edir. Azərbaycanda biz bunu görmürük".