Saytların durumu ağırlaşdırılır. Təmsilçilərinin xəbəri olmayıb

Qərar

Ali Məhkəmənin Plenumu Azərbaycandan girişinə məhdudiyyət yaradılan 5 saytla bağlı durumu daha da ağırlaşdıran qərar versə də, həmin iclasda sözügedən internet resurslarının heç̧ birinin təmsilçisi iştirak etməyib. Ali Məhkəmə iddia edir ki, maraqlarına toxunulan saytlara belə bir məsələyə baxılacağı haqda məlumat verilmişdi. Saytların təmsilçiləri isə bunun həqiqətəuyğun olmadığını bildirir.

Ali Məhkəmənin Plenumu 19 mart 2020-ci il tarixli qərarıyla belə nəticəyə gəlib ki, AzadlıqRadiosu, "Azadlıq" qəzeti, MeydanTV, Turan TV və "Azərbaycan saatı"nın saytlarını bloklamaq kifayət deyil. Bu saytlara girişə imkan verən başqa internet resurslarının da bloklanması məsələsinə baxılıb, bu haqda məhkəmə qərarı çıxarılmalıdır. Ona görə də adıçəkilən beş saytla bağlı Ali Məhkəmənin 2018-ci ilin iyununda verdiyi qərar ləğv olunub, digər saytların da bu siyahıya əlavə edilməsi məsələsinə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Bu iş üzrə ilkin baxış iclası iyulun 1-nə təyin olunub.

R.Rzayev

"Xəbərdar edilsələr də, gəlməyiblər"

"İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəbdən gəlməyiblər. Kassasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 431-3.3-cü maddəsinin tələblərinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi", – Ali Məhkəmənin sədri Ramiz Rzayevin imzaladığı, AzadlıqRadiosunun əldə etdiyi qərarda belə yazılıb.

Buna da bax: Bu saytlara girişi mümkün edən internet resursları da bloklana bilər

"Bizə nə iclas barədə məlumat verilib, nə də qərar göndərilib"

Bu iş üzrə məhkəmədə "Azadlıq" qəzetinin maraqlarını müdafiə edən vəkil Cavad Cavadov deyir ki, ona nəinki məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməyib, heç ötən üç ay ərzində Plenumun qərarını da ala bilməyib. Vəkilin sözlərinə görə, təsadüf nəticəsində, tam başqa bir mənbədən belə bir qərarın verilməsindən xəbər tutub: "Əgər Plenumun bu məsələyə baxacağını bilsəydim, mütləq iştirak edəcəkdim. İctimai əhəmiyyət kəsb edən, səs-küylü, strateji işdir. Digər tərəfdən, saytların bloklanmasıyla bağlı bizim şikayətimizə Avropa Məhkəməsində baxılır və kommunikasiya mərhələsindədir. Mənim bildiyimə görə, bu işdə tərəf olan digər saytlara və nümayəndələrinə də məlumat verilməyib".

C.Cavadov

Üç ildən sonra nə baş verdi...

Plenumun qərarında Ali Məhkəmənin qərarının ləğvinə əsas kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əlavə kassasiya şikayəti göstərilib. Nazirlik hələ 2017-ci ilin aprelində 5 sayta girişin məhdudlaşdırılmasıyla bağlı məhkəmədə iddia qaldıranda gələcəkdə bu saytlara girişə imkan verən internet resurslarının da bloklanmasını istəmişdi. Səbail Rayon Məhkəməsi 12 may 2017-ci ildə 5 saytın bloklanmasına qərar versə də, digər internet resurslarıyla bağlı hissədə iddia təmin edilməmişdi.

Buna da bax: 'AzadlıqRadiosunun Azərbaycan dövləti ilə problemi yoxdur'

C.Cavadovun sözlərinə görə, o zaman nazirlik iddiasının tam təmin olunmamasından nə apellyasiya şikayəti vermişdi, nə də ondan sonra Ali Məhkəməyə müraciət etmişdi. Təxminən üç il keçəndən sonra nazirliyin bu məsələni yenidən gündəmə gətirməsinin səbəbi, aşağı instansiya məhkəmələrində şikayət vermədiyi halda, Ali Məhkəmənin Plenumunun hansı əsasla onun şikayətini təmin etməsi isə C.Cavadova aydın deyil: "Dediyim kimi, qərarı versəydilər, heç olmasa, oxuyub baxardım ki, necə əsaslandırıblar bu məsələləri".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə əlavə kassasiya şikayətində belə yazıb: "Nazirlik tərəfindən aparılmış monitorinqlər nəticəsində o saytlara müraciətlərin digər informasiya ehtiyatları vasitəsilə mümkün olduğu müəyyən edilib. Məhdudlaşdırma barədə qərarın bu resurslara da şamil olunmasına zərurət yaranıb".

MeydanTV

"Bildiriş göndəriblərsə, sübut ortaya qoysunlar"

MeydanTV-dən də AzadlıqRadiosuna bildirilib ki, tərəf olaraq onlara Plenumun iclası barədə məlumat verilməsi, amma üzrsüz səbəbdən iştirak etməmələri haqda iddialar yalandır: "Bizim nə nazirliyin əlavə kassasiya şikayətindən, nə Plenumun iclasından, nə də qərardan məlumatımız olub. Əgər doğrudan da bizə, vəkilimizə bildiriş göndəriblərsə, bunun sübutunu ortaya qoysunlar. Qərara istədiklərini yaza bilərlər, sübut olmalıdır. Gizli şəkildə çıxarılan qərardan üç aya yaxın vaxt keçib, onun da surətini bizə göndərməyiblər".

Buna da bax: Müstəqil saytlara qarşı hansı ittiham irəli sürülüb?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi məhkəməyə müraciətində saytların bloklanması tələbinin Baş prokurorun müraciətinə söykəndiyini vurğulayıb. Baş prokuror nazirliyə məktubunda sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə proseslərində bu iddiaların əsassız olduğunu bəyan edib.

Məhkəmə qərarıyla Azərbaycandan girişi yasaqlanan saytlar, o cümlədən AzadlıqRadiosu bununla əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərib. Hazırda Avropa Məhkəməsi ilə Azərbaycan arasında sözügedən şikayətlər üzrə yazışmalar gedir.

AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrında bağlanıb. Radionun Bakı bürosuna vergi ilə əlaqədar iki ittiham da daxil, bir sıra ittihamlar irəli sürülüb. AzadlıqRadiosu dəfələrlə bu ittihamların qondarma olduğunu bildirib. Radio bununla əlaqədar da 2017-ci ilin iyununda Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.