Keçmiş deputat Tofiq Hüseynovun rəhbərlik etdiyi şirkətlər kommunal xidmət göstərən dövlət orqanlarından şikayətçidir. İddia olunur ki, bu qurumlar abunəçilərinə artıq borc yazırlar. Ona görə də deputatın şirkətlərindən "Sumqayıt Çörək" ASC məhkəmədə "Azərişıq"a, otellər və başqa böyük obyektlərin tikintisiylə məşğul olan "Term" şirkəti isə "Azərsu"ya qarşı məhkəmədə iddialar qaldırıb.
"Term" şirkəti iddia edir ki, "Azərsu" onlara 11 min manatdan çox qanunsuz borc yazıb. İddia tələbi də bu məbləğin silinməsidir.
"Sumqayıt Çörək"in məhkəmə çəkişməsində söhbət daha böyük məbləğdən - 213 min manatdan gedir. Amma bu mübahisədə də çörək zavodunun rəhbərliyi deyir ki, "Azərişıq" ASC-nin əməkdaşları abunəçilərə, o cümlədən onlara qondarma borc yazıb, bu barədə akt tərtib ediblər.
Buna da bax: İcra hakimiyyətindən 2500 manatlıq qazpulu tələbi
"Guya qanunsuz qoşulma aşkarlayıblar"
"Guya martın 16-da çörək zavodunun ərazisindəki elektrik təchizatı avadanlıqlarına baxış keçirəndə elektrik xəttinə qanunsuz qoşulma aşkarlayıblar. Halbuki, həmin gün özlərinin tərtib etdiyi aktda da yazılıb ki, "Sumqayıt Çörək" ASC-nin elektrik sayğaclarının və cərəyan transformatorunun yerləşdiyi yuvanın qapısındakı möhürün simini "Azərişıq"ın nümayəndələri qırıb. Bu onu göstərir ki, bizim tərəfimizdən o qurğulara, möhür və ştamplara toxunulmayıb. Araşdırma aparılmadan qondarma akt tərtib olunub", – çörək zavodunun rəhbərliyi iddia edir.
Akt tərtib olunan gün də "Sumqayıt Çörək" ASC-yə 213 min 150 manat borc barədə hesab ödəniş vərəqəsi göndərilib. Zavod bu məbləği ödəməkdən imtina edib, məhkəməyə üz tutub. Belə olan halda, "Azərişıq" zavoda bildiriş göndərib ki, qısa müddətdə o məbləğ ödənilməsə, elektrik enerjisinin verilməsi dayandırılacaq.
Çörək zavodu ilə "Azərişıq" arasındakı mübahisəyə Sumqayıt Kommersiya Məhkəməsində baxılır. Zavodun nümayəndəsi məhkəmədə vəsatət qaldırıb ki, bu işə baxılıb yekun qərar çıxarılana qədər elektrik enerjisinin verilməsində onlara problem yaradılmasın. Məhkəmə də vəsatəti təmin edib. Hakimin çıxardığı qərardada əsasən, 213 minlik mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana qədər zavoda elektrik enerjisini dayandırmaq "Azərişıq"a qadağan edilib.
Bu qərardaddan "Azərişıq" narazı qalıb və apellyasiya şikayəti verib.
Buna da bax: Samux sakini 'Azəriqaz' işçilərinin qanunsuz cəriməsini ləğv etdirib
"Azərişıq" nə deyir?
"Elektrik enerjisindən istifadə" qaydalarına görə, bir ay ərzində borc ödənilməyəndə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Bu qərar "Azərişıq" ASC-nin həmin hüququnu məhdudlaşdırır. Qarşı tərəfə nəinki hazırkı borcunu, hətta işə baxılıb qurtarana qədərki vaxtda istifadə edəcəyi enerjinin dəyərini də ödəməməyə şərait yaradır", - apellyasiya şikayətini belə əsaslandırıb.
Zavod rəhbərliyi isə bildirir ki, elektrik enerjisinin kəsilməsi Sumqayıtda istehsalat prosesinin pozulmasına gətirib çıxara bilər.
"Bu hərəkət təkcə zavoda yox, bütün Sumqayıt şəhərinin çörək alıcılarına mənfi təsir göstərər. Bu, həm də koronavirus infeksiyası ilə dövlətin apardığı qabaqlayıcı tədbirlərin icrasında, insanların ərzaq təminatında ciddi iğtişaş yarada bilər", - zavodun nümayəndəsi məhkəmədə bildirib.
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Zaur Məmmədov mayın 12-də "Azərişıq"ın şikayətinə baxaraq onu təmin etməyib.
Zavodun 213 min manatlıq iddiası üzrə məhkəmə çəkişməsi isə davam edir.