Azərbaycanda karxana gizlinləri…

Karxana. Foto arxiv

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Quba rayonunda iki qum-çınqıl karxanasının istismar hüququnun satışı üzrə hərrac elan edib. İnvestorlara "Babaçay" (21 hektar) və "Qonaqkənd" (73 hektar) karxanaları təklif olunur. Bu karxanaların gözlənilən istismar müddəti 5 ilə qədərdir.

Hərracların Təşkili üzrə Auksion Mərkəzinin məlumatına görə, Agentlik karxanaların satışından ən azı 188 min manat (110.5 min dollar) gəlir gözləyir.

Buna da bax: Daş karxanaları da metal zavodlarının aqibətini yaşayır

Son illər ölkədə təqribən 250 daş karxanasının qeyri-qanuni fəaliyyətinin aşkar edildiyi açıqlanmışdı. Rəsmi açıqlamalara görə, pozuntularla bağlı 127 karxana barəsində inzibati protokol tərtib edilib, qeyri-qanuni yolla torpaq sahələrini tutmuş 46 karxana üzrə isə materiallar hüquq-mühafizə orqanlarına verilib.

Bəs Azərbaycanda hazırda karxanalarda vəziyyət necədir? Bu sahədə problemlər aradan qalxıb, yoxsa karxanalar monopoliyaya alınıb?

Sizin brauzer HTML5-i dəstəkləmir

Adı Qızıldaş olan qəsəbədə nisyə dəftərləri

"Biz bu pulu heç cür ödəyə bilmərik"

Adını çəkilməsini istəməyən sahibkarlardan biri "Turan"a bildirib ki, 2021-ci ildə digər şəxslərlə birlikdə Azərbaycanda bir daş karxanasının istismarı ilə məşğul olub: "Yoxlama ilə gələn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları akt tərtib etdilər və yüksək məbləğdə cərimə yazdılar".

Onun sözlərinə görə, hər kubmetrə görə cərimə 500 manatdır: "Bizim karxana ilə bağlı 200 min kubmetrdən çox kənara çıxma yazılıb. Bu, 1 milyon manatdan çox deməkdir. Biz bu pulu heç cür ödəyə bilmərik".

Sahibkar deyir ki, karxananı icarəyə götürəndə artıq pozuntular olub: "Başqasının əməlinə görə cəriməni biz niyə ödəməliyik?".

Buna da bax: Çörəyi daşdan çıxanlar…

13 cinayət işi…

Baş Prokurorluqdan isə bildirilib ki, ilkin hesablamalara görə, son illər karxana ilə bağlı səkkiz şirkət və beş sahibkarın fəaliyyətində 6 milyon manatdan çox ziyana səbəb olmuş qanun pozuntuları aşkar edilib. Araşdırma nəticəsində Cinayət Məcəlləsinin uyğun maddələri ilə 13 cinayət işi başlanaraq Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

"100-ə yaxın karxananın fəaliyyəti dayandırılıb"

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də "Turan"a deyilib ki, monitorinqlər nəticəsində indiyə qədər ölkə ərazisində qanunsuzluqlarla bağlı 100-ə yaxın karxananın fəaliyyəti dayandırılıb: "Köhnə avadanlıqlardan istifadə edildiyi və qanunvericilikdən kənar fəaliyyət növləri ortaya çıxıb. Bəzi karxanaların yerin təkindən istifadə etməsi nəticəsində həmin ərazilərdə xammal ehtiyatı tükənib". Nazirlikdən vurğulanıb ki, cərimələr əməllərə uyğun təyin olunur və tamamilə qanunidir.

N.Cəfərli

"Məmurlar bu sahibkarlara "krışalıq" edirlər"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, bütün karxanaların fəaliyyətinə icazə verən lisenziyalaşdırma var: "Bəzi hallarda isə məmurlar yalnız sözdə həmin icazəni verirlər, heç bir sənədləşmə aparılmır və həmin məmurlar bu sahibkarlara, obrazlı desək, "krışalıq" edirlər. Bir müddət işləyəndən sonra nəsə baş verirsə, məmurların maraqları toqquşursa, o zaman istənilən səbəblə fəaliyyətlərinə qadağa qoyulur".

"Monopoliyanın yaranmasına şərait yaradırlar"

O hesab edir ki, normal tənzimlənmə müşahidə edilmir: "Əgər bu sahə bələdiyyələr tərəfindən tənzimlənsəydi, bu, daha normal olardı, çünki bələdiyyələrin əsas gəlir mənbəyinə çevrilə bilərdi. Həmçinin, rəqabətli mühit yaranardı, qiymətlər tənzimlənərdi. Bizdə bir çox qurumların nəzarət funksiyası olduğu üçün onlar monopoliyanın yaranmasına şərait yaradırlar".

N.Cəfərlinin fikrincə, karxanalarla bağlı bu vəziyyət yerli bazarlarda tikinti materiallarının qiymətinin qalxmasına səbəb olur: "Əgər bazardan rəqibləri sıxışdırıb çıxarmaq üçün münbit şərait varsa, onların yerinə daha inhisarçı şirkətlər gəlir və qiymətləri diktə edir".