Karantinlə bağlı qanunvericilik aktlarına əlavələr gözlənir

Koronavirusla mübarizə. Foto arxiv

Ölkədə koronavirus infeksiyası (COVID-19) ilə mübarizə hansı səviyyədədir? Virusa yoluxanların aşkarlanması və müalicəsi istiqamətində hökumətin atdığı addımlar yetərlidirmi?

Ən nəhayət, ölkə ictimaiyyətinə verilən informasiyalar nə qədər etibarlıdır?

İndi bu suallara tez-tez sosial şəbəkələrdə rast gəlmək olur.

«İctimaiyyətə ətraflı məlumat verilmir»

Tibb sahəsi üzrə professor Adil Qeybulla AzadlıqRadiosuna təəssüflə qeyd edib ki, görülmüş tədbirlər haqqında ictimaiyyətə ətraflı məlumat verilmir:

A.Qeybulla


«Bizim məlumatımıza görə, artıq Qobustan rayonunda xəstəxana, Bakıda bu xəstələr üçün yerlər müəyyən edilib. Özəl xəstəxanalara göstəriş verilib ki, qızdırmalı xəstələrlə bağlı Nazirlər Kabineti yanında operativ qərargaha xəbər verilsin. Oradan həkimlər gəlib xəstələri müayinə etsin və lazım olsa, xüsusi rejimli həmin hospitallara göndərilsinlər. İrandan, İtaliyadan şübhəli xəstələr karantinə alınıb, orada müəyyən şərait yaradılıb. Hələlik, bizim bildiyimiz məlumatlar budur. Xəstələnənlər və ölüm halları haqqında dəqiq məlumatlar yoxdur. Hər halda, yəqin ki, real vəziyyətlə rəsmi rəqəmlər fərqli ola bilər».

Buna da bax: Paşinyan və ailəsi virus təhlükəsinə görə paytaxtdan çıxıb

Professorun ehtimalı

A.Qeybullaya görə, insanlar özləri də diqqətli olmalıdır. Professor güman edir ki, hər halda, bu infeksiya yaxın aylarda, daha çox iyun ayında lokallaşacaq: «Çünki bu mövsümi infeksiyaların taleyi belə olur, yəqin ki, bu situasiyada da belə proqnozlaşdırılır. Sadəcə, həmin müddət ərzində insanlar nə qədər diqqətli olsalar, gigiyenik qaydalara riayət etsələr, bir o qədər yaxşı olar».

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc isə hesab edir ki, Azərbaycan bu infeksiyaya ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini həyata keçirən ən yaxşı ölkələr sırasındadır: «Ölkələrarası hərəkətin məhdudlaşdırılması, bu virus ölkəyə xaricdən gəldiyi üçün karantin rejiminin tətbiqi zamanında reallaşdırıldı. Bu da infeksiyanın yayılmasını önlədi».

Z.Oruc

O hesab edir ki, informasiya məkanında məlumatlar aşkar şəkildə verilir: «Nazirlər Kabineti yanında operativ qərargahın fəaliyyəti, o cümlədən kütləvi tədbirlərin ləğviylə bağlı verilən qərarın özünü də cəmiyyət anlayışla qarşılayıb».

«Hüquqi müstəvidə...»

Deputat bildirib ki, karantin rejiminin tənzimlənməsini hüquqi müstəvidə tam müəyyən etmək üçün parlamentdə bir neçə qanunvericilik aktlarına əlavələr olması gözlənilir və bu məsələ Milli Məclisdə müvafiq qurumlarla birgə müzakirə olunacaq.

Onun fikrincə, prosesin indiki mərhələsi hökumətin tibbi, sosial, siyasi, mənəvi situasiyada böhran menecmentini düzgün qurduğunu deməyə əsas verir. «Böhran menecmenti hazırkı situasiyada düzgün qurulub. Virus təhlükəsindən ən az itki ilə çıxmaq mümkün olacaq».

Buna da bax: Azərbaycanda koronavirusdan ilk ölüm

Bu vaxta qədər Azərbaycanda rəsmi şəkildə koronavurusun aşkarlandığı şəxslərin sayı 25-ə çatıb. Onlardan bəzilərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb. Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan da ondan bir neçə gün sonra, fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb. Bu müddət sonra daha iki həftə uzadılıb. Amma bu qərarın yük maşınlarına aid olmadığı bildirilir.

Bundan başqa, Türkiyə ilə Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri martın 15-dən etibarən müvəqqəti olaraq dayandırılıb. Martın 14-dən etibarən isə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədi bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb.

Hazırda, əsasən, İran və İtaliyadan qayıdan bir çox şəxslərin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir.

Son bir neçə ayda dünyada bu virusdan 6 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.