Karantinin fəhlə etdiyi musiqiçi

Azad Yaqubov , may 2020

“İş səhər saat 8-dən başlayır, axşam saat 8-də, 9-da bitir. Elə gün olur ki, iş gecəyədək çəkir. Usta deyir ki, qal, qalıram. İndiki vəziyyətdə çörəymiz bu işdən çıxır. Mala qumudur, sementlə qarışdırıb ustaya verirəm. O da divarı hörür. Bu gün mala işi görürük. Əsasən altıncı, bazar və bayaram günləri fərdi evlərdə çalışırıq. Qalan günləri öz işlərimizlə məşğul oluruq.”

O, işini görməkdə davam edir. Dərindən nəfəs alır. Alnındakı təri əlləri ilə silir, dodaqaltı nə isə oxuyur. Özünü belə təqdim edir:

“Gözləyirik, karantin qurtarsın, toylar başlasın”

Azad Yaqubov

“Astara şəhərində yaşayıram. Adım Azad, soyadım Yaqubovdur. Musiqiçiyəm. Kənd toylarını keçirdirik. Əvvəllər toylar olurdu, indi yoxdur, karantindir. Fəhləlik edirəm, ailəmi dolandırıram. Gözləyirik, karantin qurtarsın, toylar başlasın. Biz də toylara gedək. Subay öğlanlar çoxdur. Zurnada, qoşa nağarada, klarnetdə, qarmonda ifa edirəm. Musiqi qurupumuz Ərçivan qəsəbəsindədir. Son illərdə “palatka” toyları artıb. Bizim işmiz də həmin toyları yola verməkdir. Lazım olanda toyda oxuyuram da. Allah bu sənəti mənə verib, ailəmi dolandırıram.”

“Karantindən əvvəl heç olmasa ayda 10 toya gedərdik”

Azad Yaqubov iş başında

Əlindəki bel ilə palçığı qarışdırır. Palçığı vedrəyə yığıb, ustanın yanına aparır. Geri qayıdır. Sözünə davam edir:

“Karantindən əvvəl heç olmasa ayda 10 toya gedərdik. Hər gün toyda olduğumuz vaxtlar da olurdu. Düzdür, toyların sayı əvvəlki illərə nisbətən azalıb. Amma toy edənlər var.İnsanların arzusudur ki, övladları üçün toy etsinlər.Toylar başlasa problem olmaz. O da inşallah olacaq.”

Yorulduğu aydın görünür. Ustanın tələbkar səsi tez-tez eşidilir.

İş davam edir. Azad Yaqubov deyir ki, fəhləlik edəndə də musiqi sənətini yaddan çıxartmır. Fasilə vaxtı özü ilə götürüdüyü musiqi alətində mahnılar ifa edir:

“İş həmişə olmur”

İş vaxtı müsiqi alətlərindən birini özümlə götürürəm. Fasilədə ifa edirəm ki,yadımdan çıxmasın. Karantin başa çatandan sonra sənətimi davam etdirəcəyəm. Atamdan öyrənmişəm, o qarmon ifaçısı olub. Qardaşım da musiqiçidir. Həyat nə qədər var, subaylarımız olacaq, toylar da olacaq. İndi tikintidə fəhləlik edirəm. İş olanda fərdi həyətlərdə işləyirəm. İş həmişə olmur. Karantindir, camaat passivləşib.”

Qara zurnada şən bir mahnı ifa edir...

Azad Yaqubov "Qara zurna"da ifa edirkən

Onun fikrincə musiqi həyatın bir hissəsidir, onu işləməyə həvəsləndirir:

“Həmkəndlilərim görəndə ki,fəhləlik edirəm, məəttəl qalırlar. Onlara deyirəm ki, ailəmi dolandırıram, heç kimə ağız açmaq istəmirəm. Alın təri ilə çörək qazanıram. Amma ağır işdir, çətindir. Mənim orta təhsillim var. Orta məktəbdə istedadlı uşaq olmuşam. Atamın imkanı olmadı mənə ali təhsil verməyə. Bu sənəti musiqi təhsili olanlardan pis bilmirəm. Ailə baxmır heç nəyə. Evdə çörəyin olması üçün pul olmalıdır. Pulu da qazanmaq üçün işləmək lazım gəlir. Xoşum gəlmir kimdənsə kömək istəməyə. Lap hökmət ola”

Azad Yaqubov qeyd edir ki, fəhləlikdə qazançı elə də çox deyil:

“Amma çörəyə çatır... ”

Saatlar ötür. Azad Yaqubov işini davam etdirir. Sonra mənə baxıb təkrar edir:

“Hər işdə halallıq olmalıdır. Fəhlələikdə də, musiqidə də halalıq var.”

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 366 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.Azərbaycanda isə hazırkı dövrədək 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 58 nəfər vəfat edib,

Koronavirus pandemiyası ilə bağlı martin 24-dən bir çox ölkələr kimi Azərbaycanda da karantin rejimi elan edilib.Bu rejimdə kütləvi tədbirlər, o cümlədən toylar dayandırılıb.