Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərləri və Abşeron rayonunda iyunun 21-i saat 00:00-dan iyunun 5-i saat 06:00-dək karantin sərtləşdiriləcək.
Bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən, nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılır. Həmçinin, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər, muzey, sərgi zalları, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər də bu siyahıya aiddir.
Buna da bax: Nazir 190 manat təklifinə münasibət bildirib
Habelə, təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla), açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi də dayandırılır.
Amma dövlət qurumlarının, Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və bir sıra mühüm xidmət sahələrinin fəaliyyətinə icazə veriləcək.
Əhalinin qalan qrupları isə yenə küçəyə çıxarkən SMS-lə icazə alacaq. SMS-lə icazə əvvəlki qaydaya nisbətən bu dəfə bir qədər geniş olacaq. Bura ərzaq almaq, tibbi zərurət, yaxınların dəfində iştirakla və başqa hallarla yanaşı, açıq havada vaxtın keçirilməsi də daxildir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 614 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 457 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.
Buna da bax: 'Bakıda xəstəxanalar dolur'
Martın 24-dən Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdu. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılmışdı. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılmışdı. Artıq iri ticarət mərkəzləri də fəaliyyətə başlamışdı.
Amma son vaxtlar yoluxma artdığından əks tədbirlər görülməyə başlandı. İyunun 6-dan 8-nə kimi Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq yasağı qoyuldu. Ötən həftəsonu karantinin sərtləşdirildiyi yerlər bir qədər də artırıldı. Karantin dövrü bir neçə dəfə uzadılıb.