Jurnalist Heydər Əliyev Fonduna 200 manat köçürməlidir

A.Məmmədov

Gəncədə sabiq icra başçısı Elmar Vəliyev güllələnəndən sonra bu barədə yazılara görə 5 il ay şərti cəza almış criminal.az saytının baş redaktoru Anar Məmmədov yenidən məhkum edilib. Bu dəfə lombard fəaliyyəti ilə məşğul olan "Məlahət" MMC-nin rəhbəri Məlahət Qurbanovanın iddiası əsasında iyunun 16-da Ağdam Rayon Məhkəməsində jurnalist haqqında ittiham hökmü çıxarılıb. Hökmə əsasən, A.Məmmədov CM-in 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib. Aylıq qazancından 20 faiz tutulmaqla, 1 il islah işləri cəzasına məhkum edilib.

Uzun müddətdir ki, M.Qurbanova ilə keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov arasında mülk qalmaqalı var, onların arasında məhkəmə çəkişməsi gedir.

Buna da bax: İmişlidə 'qızıl üstündə' aksiya

Böhtan ittihamı üzrə bəraət alıb

A.Məmmədovun rəhbərlik etdiyi saytda bu haqda məqalədə M.Abbasovanın "Lombard Məlahət" kimi tanındığı qeyd olunub. M.Qurbanova "Lombard Məlahət" ifadəsini böhtan və təhqir kimi qəbul edərək, jurnalistin CM-nin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə həbs olunmasını tələb edib.

Hakim Mahir Niftəliyev böhtan ittihamı üzrə A.Məmmədova bəraət verib.

M.Qurbanova jurnalistə qarşı 100 min manat təzminat tələbiylə də başqa bir iddia qaldırmışdı.

Eyni gündə Ağdam Rayon Məhkəməsi onun bu iddiasını da qismən təmin edib. A.Məmmədovdan 200 manat alınıb Heydər Əliyev Fonduna köçürülməsi barədə qərar qətnamə çıxarılıb.

A.Məmmədov AzadlıqRadiosuna bildirib ki, iyunun 16-da haqqında çıxarılmış həm hökmdən, həm də qətnamədən apellyasiya şikayəti verəcək.

X.Ağalıyev

""Lombard" sözü qeyri-etik ifadə deyil"

Media hüququ üzrə ekspert Xalid Ağalıyev hesab edir ki, jurnalist haqqında həm ittiham hökmü, həm də təzminat ödəmək qərarı ifadə azadlığına ziddir. Hüquqşünasın fikrincə, lombard fəaliyyətiylə məşğul olan şəxsin buna uyğun adlandırılması nə böhtan, nə də təhqir sayıla bilər: "Ağdam Rayon Məhkəməsinin hökmündən belə çıxır ki, peşəsi vəkil olan Məmmədə "vəkil Məmməd", peşəsi həkim olan Hüseynə "həkim Hüseyn" demək təhqirdir. "Lombard" sözü qeyri-etik ifadə deyil, adam da bu işlə məşğul olursa, onun haqqında "lombard Məlahət" ifadəsinin təhqir sayılması əsassızdır".

Buna da bax: Adamların lombarda qoyduğu 200 minlik qızıl-brilyant hara gedib

X.Ağalıyev hesab edir ki, yuxarı instansiya məhkəmələri də hökmü qüvvədə saxlasa, Avropa Məhkəməsi gələcəkdə bunu ifadə azadlığının pozuntusu kimi tanıyıb, bu addıma görə dövləti cərimələyəcək: "Ölkəmizdəki problemlərin əksəriyyəti ya məhkəmələrdə, ya da başqa qurumlarda ilk addımdaca yanlış verilən qərarların acı meyvəsidir".

A.Məmmədov 2019-cu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay şərti cəzaya məhkum edilib. İddia olunub ki, onun Gəncə hadisələri (sabiq icra başçısı Elmar Vəliyevin davranışı və s.) haqda yazıları bir neçə vətəndaşda narahatlıq yaradıb və onlar jurnalistin cəzalandırılması üçün prokurorluğa şikayət edib.

A.Məmmədov özünü təqsirli bilmir və jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir. O, yazılarına görə mütəmadi təzyiqlərə məruz qaldığını, hədələndiyini açıqlayıb. Jurnalistin bu haqda açıqlamalarıyla əlaqədar yanvar ayında daxili i̇şlər naziri Vilayət Eyvazov onu qəbul edərək şikayətlərini dinləmişdi.