İraq-Şam İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasına qoşulmaqda suçlanan daha bir azərbaycanlı cəzalandırılıb. Bu, 38-yaşlı Rasi Abbasovdur.
İddia olunur ki, R.Abbasov 2014-cü ilin sentyabrında Azərbaycandan Türkiyəyə, oradan isə xüsusi bələdçilər vasitəsilə qanunsuz yolla Suriyaya gedib. Orada İŞİD-ə qoşulub, bu qruplaşmanın tərkibində Suriyanın Cerablus, Raqqa və başqa şəhərlərində döyüşüb.
Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 8 il həbs cəzası kəsilib. Amma özü günahsız olduğunu deyir, ittihamı qəbul etmir. Deyir ki, yalandır, nə İŞİD-ə qoşulub, nə də Suriyada vuruşub.
R.Abbasovu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları həbs edib. Bu qurum 2019-cu ilin oktyabrında onun saxlanması barədə rəsmi məlumat da yaymışdı. Məlumata videogörüntülər də əlavə edilmişdi. Videoda R.Abbasov kamera qarşısında Suriyada döyüşdüyünü təsdiqləyir:
Buna da bax: Qardaş qardaşı polisə verdi ki, 'İŞİD-ə qoşulmasın'
«Orada böyük bir kamp idi. Kampda bir çox millətlərdən adamlar vardı. İŞİD tərəfindən yaradılmışdı. Oradakı insanlar bölünüb, Suriyanın müxtəlif şəhərlərinə göndərilirdi. Döyüşmək məqsədilə...».
«Bir neçə günün içində nə dəyişdi?»
Məhkəmədə dindiriləndə isə bunları təkzib elədi. Dedi ki, ilkin ifadəsində yazılanlar da, kamera qarşısında dedikləri də yalandır. Onun sözlərinə görə, DTX-da təhdid olunduğuna görə həmin ifadələrə imza atıb, videoda ona tapşırılanları deyib: «Məni ailəmlə təhdid edirdilər».
R.Abbasovun vəkili Babək Həmidov da onun günahsız olduğunu, təqsirinin məhkəmədə sübuta yetirilmədiyini deyir. Vəkil məhkəmədə bildirib ki, Rasinin Suriyaya getdiyini təsdiqləyən bircə dənə də mötəbər sübut yoxdur. Müdafiəçinin sözlərinə görə, cinayət işinin materiallarında iki şahid ifadəsi vardı, onlar da gəlib məhkəmədə həmin ifadələrdən imtina etdilər:
Buna da bax: "Arvadım İŞİD-ə qoşulub"
«Rasi Abbasov 2011-ci ilə qədər dindar olub. Ondan sonra Rusiyaya işləməyə gedib. O vaxtdan da artıq dinin tələblərinə əməl etməyib. Dindar olmayan adamın İŞİD-lə nə işi? İlkin etiraf ifadəsi və video sübut kimi təqdim olunur. Diqqət yetirəndə görünür ki, adamı 16 avqustda saxlayıblar, ondan etiraf ifadəsi alıblar. 22 avqustdakı ifadəsində isə özünü təqsirli bilmədiyini deyib. Avqustun 28-də psixiatrik ekspertiza keçiriləndə də təqsirsiz olduğunu bildirib. Rəydə də var. Bir neçə günün içində nə dəyişdi? Etiraf ifadəsinə imza atmasının səbəbini məhkəmədə özü açıqladı».
Vəkil R.Abbasovla bağlı cinayət hadisəsi baş verməyini vurğulayıb, onun haqqında bəraət hökmü çıxarılmasını istəsə də, məhkəmə fərqli nəticəyə gəlib. Hakimlər onu CM-in 218.2 (cinayətkar birlikdə iştirak) və 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak) maddələri ilə təqsirli bilib, haqqında ittiham hökmü çıxarıblar.
R.Abbasov özü hesab edir ki, onu terrorçuluq və ekstremizmə qarşı mübarizə görüntüsü yaratmaq məqsədilə cəzalandırıblar.
DTX-nın yaydığı məlumatda bildirilir ki, R.Abbasov beynəlxalq terror təşkilatlarına qoşulduğuna görə Azərbaycan vətəndaşlığından məhrum edilib.