Bugünlər Nazirlər Kabineti "Sığorta ödənişinin verilməsi Qaydası"na dəyişiklik edib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, müddətli əmək müqaviləsinin vaxtının bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan staj 35 aydan 30 aya endirilib. Sığorta ödənişinin təyin olunması üçün əməkqabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındığı tarixdən sonra 3 ay gözləmə müddəti isə ləğv edilib.
Bu dəyişikliklər işsiz insanların sığorta almaq imkanını nə dərəcədə artırır?
Sizin brauzer HTML5-i dəstəkləmir
"Vətəndaşların işi daha da asanlaşıb"
İşsizlikdən Sığorta Fondunun 2022-ci ildə büdcəsinin gəlirləri 180 milyon 375 min 536 manat, xərcləri isə 180 milyon 375 min 536 manat təsdiq edilib.
Dövlət Məşğulluq Agentliyindən "Turan"a bildirilib ki, dəyişiklikdən sonra işsizlikdən sığorta pulu almaq istəyən vətəndaşların işi daha da asanlaşıb: "Vətəndaş əvvəllər işsizlikdən sığorta ödənişi almaq üçün müraciət edən zaman onun işsiz kimi qeydiyyata alındığı tarixdən əvvəlki 12 və 24 ay sığorta stajına baxılırdı ki, vətəndaş həmin müddət ərzində tam olaraq işləyibmi. Yeni qaydaya əsasən, vətəndaşın əmək müqaviləsinə hansı tarixdən xitam verilibsə, ondan əvvəlki 12 və 24 ay sığorta stajına baxılacaq və sığorta ödənişinin təyin olunması prosesi həyata keçiriləcək".
Buna da bax: Azərbaycanda işsizliyin yüksək səviyyəsini göstərən faktlarQurumdan qeyd olunub ki, əvvəlki qaydaya əsasən, işsizlərə işsizlikdən sığorta pulu onun işsiz olması tarixdən deyil, işsiz kimi qeydiyyata alınmasından sonra verilirdi: "Bu da işsizin bir neçə ayın pulunu itirməsi demək idi. Yeni tətbiq ediləcək qayda isə vətəndaşın xeyrinə olacaq".
3.7 min nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə "Turan"a deyilib ki, işsizlikdən sığorta ödənişi üç halda ödənilir: "İşəgötürən ləğv edildikdə, ştat ixtisar olunduqda, müddətli əmək müqaviləsinin müddəti bitdikdə".
Qurumun məlumatına görə, 2021-ci ildə 3.7 min nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub.
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda ən böyük problemlərdən biri işsizliyin qeydiyyatıdır. Onun fikrincə, işsizliyin qeydiyyatı ilə bağlı prosedur qaydalar daha da asanlaşmalı və avtomatlaşdırılmalıdır: "1 milyon 700 min muzdla çalışanlar elektron qaydada qeydiyyatdan keçib və həmin şəxslərin əmək müqaviləsi bütün qurumlarda avtomatik olaraq görünür. Belə olan halda əmək müqaviləsi bitibsə və başqa əmək müqaviləsi bağlanmayıbsa, bu şəxs avtomatik olaraq işsiz kimi qeydiyyata alınmalıdır. Burada ayrıca bir müraciətə ehtiyac yoxdur".
"Ən böyük problem əmək müqaviləsi olmayan şəxslərdədir"
İqtisadçı hesab edir ki, ən böyük problem əmək müqaviləsi olmayan şəxslərdədir: "Bizdə rəsmi rəqəmlərdə 1 milyon 600 min nəfərə yaxın şəxs fermer kimi görünür. Yəni, torpaq sahəsi olan və həmin pay torpağından gəlir götürdü-götürmədi, fərq etməz, həmin şəxs fermer kimi görünür və işsiz kimi qeydiyyata düşə bilməz. Amma adına torpaq sahəsi olması qazanc etməsi anlamına gəlmir".
Buna da bax: Rəsmi rəqəmlərə görə, ən çox işsiz Mingəçevirdədir, Naxçıvanda isə işsiz yoxdurN.Cəfərli xatırladır ki, şəxsin adına VÖEN varsa, həmin şəxs də işsiz sayılmır: "Amma şəxsin adına VÖEN-in olması onun gəlir əldə etməsi demək deyil".
İqtisadçının sözlərinə görə, həmin texniki problemlər həll edilməlidir ki, işsizliklə bağlı daha dəqiq statistik rəqəmlər ortaya çıxsın və sığortanın alınması da buna uyğunlaşdırılsın.
Xatırlatma
2022-ci il fevralın 1-i vəziyyətinə olan rəsmi məlumata əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 304.3 min nəfərdir. Onlardan 4 milyon 988.5 min nəfərin məşğul əhali, 315.8 min nəfərin (6 faiz) də işsiz olduğu bildirilib. Dövlət Statistika Komitəsinin bu il martın 1-nə olan məlumatına görə isə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3.6 min nəfər və ya 0.2 faiz artaraq 1 milyon 682.1 min nəfər olub.