İsrailin Beyruta, Qəzzaya zərbələrindən onlarla insan həlak olub

İsrail məcburi köçkünlərin yaşadığı məktəbə zərbə endirdikdən sonra yaralı fələstinli.

İsrailin Beyruta zərbələrindən azı 22 nəfər həlak olub, 117 nəfər yaralanıb. Livanın Səhiyyə Nazirliyi məlumatı oktyabrın 10-da açıqlayıb. Bundan öncə isə İsrailin Qəzzada fələstinlilərin sığındığı məktəbə zərbəsindən onlarla insan həlak olub.

Beyrutun mərkəzinə iki hava reydi nəticəsində səkkiz və dördmərtəbəli binalar hədəfə alınıb, ikinci tamamilə dağılıb. Həmin hücumlarda azı bir "Hizbullah" rəsmisinin hədəfə alındığı bildirilir. Ancaq "Hizbullah"ın "əl-Manar" televiziyası Vafiq Səfanı öldürmək cəhdinin boşa çıxdığını, onun həmin binalarda olmadığını bildirib.

ABŞ "Hizbullah"ı terrorçu sayır. Aİ yalnız onun silahlı qanadını qara siyahıya salıb.

Qəzzada vurulan məktəb

Dünən İsrailin Qəzza zolağında məktəbə zərbəsindən azı 27 nəfər həlak olub. Digər zərbəyə isə Livanın cənubunda BMT sülhməramlılarının qərargahı tuş gəlib. Nəticədə İtaliya İsrailin səfirini çağırıb.

İsrail ordusu terrorçulara "dəqiq" zərbə endirdiyini, onların məktəbdə komandanlıq və nəzarət mərkəzinin olduğunu bildirir.

ABŞ və Aİ-nin terrorçu hesab etdiyi HƏMAS silahlı qruplaşması isə ittihamları rədd edib. Məktəbə sığınanların dediyinə görə, zərbənin hədəfi yardım işçilərinin görüşü olub, 54 nəfər də yaralanıb

HƏMAS ötən il oktyabrın 7-də İsrailin cənubuna girərək 1200 nəfəri qətlə yetirib, 250 nəfəri girov götürüb.

İsrailin əsas müttəfiqi ABŞ isə Livanda, Qəzzadakı kimi, irimiqyaslı dağıntılar törədilməməsi ilə bağlı xəbərdarlıq edib.

Fələstin rəsmiləri İsrailin son günlər Qəzzanın mərkəzi və şimalını bombalaması nəticəsində onlarla insanın öldürüldüyünü, minlərlə adamın evindən çıxa bilmədiyini deyirlər.

"Livanda Qəzzadakına oxşar hərbi hərəkət olmamalıdır", – Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) oktyabrın 9-da jurnalistlərə deyib.

Bu bəyanatdan öncə ABŞ prezidenti Co Bayden (Joe Biden) İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon söhbətində livanlı və israillilərin sərhədin hər iki tayında evlərinə qayıtması üçün diplomatik səylərin vacibliyini qeyd edib.