Sabiq icra başçısının məhkəməsinə jurnalistlər niyə buraxılmır

İsmayıl Vəliyev

Neftçalanın keçmiş icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov və əməliyyatda onlarla birlikdə tutulan digər vəzifəlilərin məhkəməsi başlayıb. Onların işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır. Lakin məhkəmə prosesi Bakıda - Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir.

Sabiq icra başçısı haqqında cinayət işini araşdıran hakimlər kollegiyasının sədri Nizami Quliyev məhkəməyə jurnalistlərin buraxılmasına yasaq qoyub. Hər dəfə media nümayəndələri Vəliyev və digərlərinin işi üzrə məhkəmədə ortaya çıxan məsələləri ictimaiyyətə çatdırmaq üçün məhkəməyə getsələr də, onların prosesdə iştirakına icazə verilmir.

Buna da bax: Yevlaxın keçmiş icra başçısına 7 il 3 ay iş kəsilib

Məhkəməyə şikayət olunacaq

Oktyabrın 1-də jurnalistlərə bildirilib ki, pandemiya ilə əlaqədar onların iştirakına icazə verilmir. Pandemiya əsas gətirilsə də, məhkəmə zalına media nümayəndələri istisna olmaqla, o prosesi izləməyə gələnlərin hamısı, o cümlədən təqsirləndirilən şəxslərin yaxınları da buraxılıb.

Jurnalistlər hakimin açıq məhkəmə prosesində iştiraka qadağa qoymasıyla əlaqədar Məhkəmə-Hüquq Şurasına şikayət edəcəklər.

Sabiq icra başçısı və onun birinci müavini ilə yanaşı, Memarlıq və Tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayonun Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Neftçala Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov da təqsirləndirilən şəxslər sırasındadır. Onlar külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanır.

Buna da bax: Həbsdəki daha bir icra başçısının durumu ağırlaşıb

Xatırlatma

İcra başçısı da daxil olmaqla, adları çəkilən sabiq məmurlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Keçmiş icra başçısı və digər məmurlar ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.

Həbs olunan keçmiş icra başçılarından Nizaməddin Quliyev (Ağstafa) və Qoca Səmədovun (Yevlax) mühakiməsi yekunlaşıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Quliyevə 9 il 6 ay həbs cəzası kəsilib. Hökmdən narazı qalan sabiq icra başçısı apellyasiya şikayəti verib. Lakin sentyabrın əvvəlində o, koronavirusdan vəfat edib. Qocayevin məhkəməsi isə sentyabrın 30-da yekunlaşıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay azadlıqdan məhrum edilib.