Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birlikdə tutulan vəzifəli şəxslərin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Oktyabrın 28-də məhkəmədə prokuror keçmiş icra başçısının 11 il azadlıqdan məhrum edilməsini istəyib. O bildirib ki, Vəliyevə qarşı külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. ittihamlar məhkəmədə təsdiqini tapıb.
Sabiq icra başçısı və onunla birlikdə mühakimə olunanların işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır. Amma məhkəmə iclasları Bakıda - Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilir.
Vəliyevlə yanaşı, onun birinci müavini Vurğun Əkbərov, Memarlıq və Tikinti Şöbəsinin müdiri olmuş Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri Anar Cəfərov, rayonun Təhsil Şöbəsinə rəhbərlik etmiş Əjdər Kərimov, Neftçalanın Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Telman Zahidov da təqsirləndirilən şəxs qismində hakimlər önündə cavab verir.
Xatırlatma
İsmayıl Vəliyev 2005-2011-ci illərdə Qobustan rayonunun, 2011-ci ildən 2020-ci ilin fevralında həbs olunana qədər isə Neftçalanın icra başçısı olub.
Azərbaycanda icra başçılarının həbsi 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarının icra hakimiyyəti başçıları Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib.
Həbs olunanlardan Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olmuş Nizaməddin Quliyev 9 il, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov 7 il 6 ay, Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərov isə 8 il 6 ay azadlıqdan məhrum edilib. Quliyev hökmdən az sonra koronavurusa yoluxub və sentyabrın 5-də vəfat edib.