Ermənistandan keçəcək yol olmayacaq?

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakı ilə Yerevandan ziddiyyətli bəyanat: Zəngəzur dəhlizində nə yenilik var? (Arxiv)

Martın 11-də "İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu" imzalandı. Memorandumun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İrandan keçməklə Naxçıvan Muxtar Respublikası (MR) arasında yeni dəmiryol, avtomobil yolu əlaqəsinin, rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir.

Bu yeni kommunikasiya bağlantılarının yaradılması Azərbaycana iqtisadi, siyasi baxımından nə verəcək? Bəs Azərbaycan rəsmilərinin davamlı bəhs etdiyi və 10 noyabr bəyanatında da yer alan, Ermənistandan keçməli olan nəqliyyat xəttinin taleyi necə olacaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Turan"a bildirib ki, memorandumu imzalamaqla Cənubi Zəngəzur dəhlizi yaradılır: "Bu saziş Azərbaycan və İranın dövlət maraqlarına xidmət edən layihənin reallaşması üçün yeni mərhələnin başlanması deməkdir".

T.Mirkişili

"Azərbaycanın və partnyorlarının imkanlarını…"

Onun sözlərinə görə, bu saziş ilə əslində Azərbaycan Ermənistanın Sünik bölgəsindən keçməli olan Zəngəzur dəhlizini cənub istiqamətində genişləndirdi: "Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin şimal istiqaməti ilə bir-birini tamamlayacaq, lazım gəldikdə isə əvəz edəcək. Bu yeni kommunikasiya yolu Azərbaycanın və partnyorlarının imkanlarını xeyli genişləndirəcək, hər-hansı bir dövlətin inhisar mövqeyini aradan qaldıracaq".

Deputatın fikrincə, saziş Ermənistanın da yersiz və səbatsız siyasi hesablarını alt-üst etdi: "Zəngəzur dəhlizindən Azərbaycana təzyiq aləti kimi istifadə etməyi planlaşdıran Ermənistan sonda özü təzyiq altında düşdü. İndi artıq Ermənistan Azərbaycan ilə Şimali Zəngəzur dəhlizinin açılmasını yeni şərtlər və şəraitdə müzakirə etməli olacaq. Bu dəhliz də açılacaq. Və ya özünü təcrid şəraitində yaşamağa davam edəcək, edə bilsə".

V.Bayramov

"Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək"

Həmin komitənin üzvü Vüqar Bayramov da bildirib ki, bu anlaşma regionun nəqliyyat infrastrukturunun genişlənməsinə imkan verəcək: "Bu məqsədlə Araz çayı üzərində - piyada keçidi ilə iki avtomobil və iki dəmiryol olmaqla - ümumilikdə dörd körpü inşa ediləcək. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Anlaşmaya əsasən, azı gündəlik min yük nəqliyyatını qəbul edə biləcək buraxılış məntəqəsi tikiləcək".

Deputatın sözlərinə görə, memorandumda layihənin maliyyələşdirilməsi xərclər üzrə də razılaşdırılır: "Azərbaycan Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, İran isə onu Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün tikintisini maliyyələşdirəcək. Növbəti altı ayda dəmiryol xəttinin tikintisinin maliyyələşdirilməsi məsələsi də razılaşdırılacaq".

Komitə üzvü hesab edir ki, Rusiyaya qarşı sanksiyalar fonunda region üzərindən daşınan beynəlxalq yüklərin həcmində artımların olacağı gözlənilir: "Bu isə ondan xəbər verir ki, yeni anlaşma ilə Azərbaycan regiondakı geosiyasi mövqeyini daha da gücləndirə biləcək".

N.Cəfərli

"Yüksək tariflər olacaqsa, heç bir mənası yoxdur"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Zəngəzur dəhlizi açılsaydı belə, ona alternativin olması mütləqdir: "Həmin koridorun nəzarətinin tamamilə Rusiyanın əlində olması və Ermənistan ərazisindən keçməsi istənilən bir bəhanələrlə bağlanmasına, yüklərin gecikdirilməsinə səbəb ola bilərdi. Ölkənin logistik asılılığı yaranırsa, həmin ölkəyə təzyiq etməyə imkanlar da artır".

Onun fikrincə, layihə tez bir zamanda reallaşa bilər: "O ki, qaldı dividentlərə, bu, tariflərdən, Azərbaycanın cazibəli təkliflərindən və "yaşıl koridor"ların nə dərəcədə işlək olmasından asılı olaraq. Gecikmələr, yüksək tariflər olacaqsa, bunun heç bir mənası yoxdur. Çünki bu koridorların Qazaxıstan və Rusiya üzərindən alternativləri var".

Azərbaycanda 14 iqtisadi rayon var. Şərqi Zəngəzur iqtisadi rayonuna Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonları daxildir. Bu rayonlar təqribən 30 il Ermənistanın işğalında olub.

Naxçıvan Muxtar Respublikası da Azərbaycanın tərkibindədir. Amma İran, Ermənistan və Türkiyə ilə əhatə olunub.

Sizin brauzer HTML5-i dəstəkləmir

Zəngəzur dəhlizi Çinə sərf edirmi?

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ötən il də tərəflər arasında bölgədə iqtisadi, nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalanmışdı.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.