"Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsi hazırlanıb. Layihənin bu günlər Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın iclaslarında müzakirə olunduğu da bildirilir. Amma, hələlik, detalları açıqlanmır.
Sosial-iqtisadi inkişafı Strategiyası hansı istiqamətləri əhatə edir və ya etməlidir? Bununla ölkədə iqtisadi vəziyyət dəyişəcəkmi?
Buna da bax: Neftdənkənar ixracatda irəliləyiş var?İqtisadiyyat Nazirliyindən "Turan"a bildirilib ki, "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın həyata keçirilməsi dörd başlıca istiqamət üzrə dəyişikliklərə səbəb olacaq. Vurğulandığına görə, dövlət şirkətlərinin gəlirlərinin artması, rəqabətli, şəffaf fəaliyyət, vəsaitlərin səmərəli xərclənməsi və dövlətin borc dayanıqlığının yüksəldilməsi ilə iqtisadiyyat yeni keyfiyyət mərhələsinə qədəm qoyacaq.
Nazirliyin proqnozları
Növbəti ortamüddətli dövrdə Ümumi Daxili Məhsulun (ÜDM) orta illik artım tempi 4.2, qeyri-neft sahəsində isə 5.2 faiz proqnozlaşdırılır. 2025-ci ilədək qeyri-neft ixracının iki dəfə artırılması, ÜDM-də özəl sektorun payının 88 faizə çatdırılması hədəflənir: "Proqnozlarımıza görə, cari ildə ÜDM-in real artım tempinin 4.8 faiz olacağı gözlənilir".
"Bu pis ənənə indi də davam edir"
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna deyib ki, belə strategiyaların hazırlanması ilk dəfə deyil: ""Azərbaycan 2020. Gələcəyə baxış" İnkişaf Konsepsiyası da var idi. 11 istiqamət üzrə işlər görülməli idi, ciddi sənəd hazırlanmışdı. Artıq 2021-ci il də bitmək üzrədir, amma biz bu konsepsiyanın nəticələri haqqında hökumətdən hələ ki, heç bir hesabat görməmişik".
O qeyd edib ki, əgər ölkənin iqtisadi inkişaf strategiyası xalq və biznes üçündürsə, bu, öncədən müzakirəyə çıxarılmalıdır: "Amma bu yoxdur. Hökumət bu strategiyanı özü üçünmü qəbul edir? Təəssüf ki, bu pis ənənə indi da davam edir".
Buna da bax: Azərbaycan xarici investisiyaların həcminə görə öyünə bilər?"Gözəl konsepsiya yazmaq olar, amma…"
İqtisadçının fikrincə, idarəetmə və hüquqi islahatlar olmadan iqtisadiyyatda hansısa strategiyanın qəbul olunması fayda verməyəcək: "Gözəl konsepsiyanı yazmaq olar, amma azad, ədalətli məhkəmə sistemi yoxdursa və bu investora güvən vermirsə, konsepsiyanın həyata keçirilməsində irəliləyişin əldə edilməsi problemli görünür".
Bu mövzuda AzadlıqRadiosuna danışan başqa ekspertlər də deyiblər ki, ölkədə yeni strategiyalar köhnə ənənələrlə yazılır.