İlham Əliyevin Türkiyə səfərindən nə gözlənir?

İ.Əliyev və R.T.Ərdoğan

Martın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edib. Azərbaycan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşib.

Bundan bir həftə öncə, martın 4-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıya gəlmişdi. O, Prezident İ.Əliyevlə və Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla görüşmüşdü.

Elə bu gün, martın 10-da paralel olaraq Türkiyədə bu ölkənin xarici işlər naziri Rusiya və Ukraynadan olan həmkarı ilə üçtərəfli görüş keçirib. Bütün bunların fonunda İ.Əliyevin Türkiyəyə bu səfərini necə dəyərləndirmək olar?

E.Mirbəşiroğlu

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Elşad Mirbəşiroğlu "Turan"a bildirib ki, hazırda Cənubi Qafqaz regionunda proseslərdə müəyyən canlanma müşahidə olunmaqdadır: "Hər zaman bəyan etmişik ki, Azərbaycan ərazisində qalan azsaylı ermənilər təxribatlarını davam etdirəcəksə, onda Azərbaycan tam hüquqla antiterror əməliyyatları həyata keçirə bilər. Belə antiterror əməliyyatlarının həyata keçirilməsi üçün bütün əsaslar mövcuddur".

Deputatın fikrincə, dünyanın bir coğrafiyasında dərin gərginliyin yaşandığı bir şəraitdə Qarabağda qarşı tərəfin təxribatlarının intensivləşməsi onların yanlış hesablamalarının nəticəsidir və bu onların özlərinə olduqca baha başa gələcək.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağdakı sülhməramlılar muzdlu döyüşçüyə çevrilə bilər? Rusiyalı ekspertin şərhi

"Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün…"

E.Mirbəşiroğlu xatırladıb ki, bir neçə gün öncə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-ya üzv olan ölkələrin xarici işlər nazirlərinin fövqəladə toplantısından sonra Azərbaycana səfər etdi və səfər çərçivəsində regiondakı vəziyyət müzakirə olundu: "Azərbaycan tərəfi Antalya Diplomatiya Forumunun platformasından da istifadə edərək prezidentin simasında erməni silahlı birləşmələrinin təxribatları haqqında müzakirə aparacaq və Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün addımlar atmaq hüququnu xatırladacaq".

Amma qarşı tərəf özü Azərbaycanı təxribatda günahlandırır. AzadlıqRadiosunun erməni xidməti Dağlıq Qarabağdakı separatçı rejimə istinadla bildirir ki, Azərbaycan Silahlı Qüvvələri Xocalı, Əsgəran, Xocavəndi atəşə tutub, həmin ərazilərdə yaşayanlar kənd təsərrüfatı işlərini dayandırmağa məcbur qalıb, onların sərbəst hərəkətinə maneçilik yaranıb.

Ə.Oruclu

Siyasi şərhçisi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Prezident İlham Əliyevin Türkiyəyə səfəri ilə bağlı cəmiyyətə açıqlanacaq hansısa bir sensasion məlumatı gözləməyə dəyməz: "Hətta hər hansı bir qapalı danışıqlar və anlaşmalar olsa, Azərbaycan hakimiyyəti bunu ciddi cəhdlə ictimai rəydən gizlədəcək. Ona görə ki, burada, həmişə olduğu kimi, Rusiya qarşısında bir çəkinmək, ehtiyatlanmaq var".

Ekspert qeyd edib ki, hazırda Türkiyə aktivlik nöqtəsinə çevrilməkdədir: "Ukrayna və Rusiya xarici işlər nazirlərinin Türkiyədə görüşü, dünən - martın 9-da İsrail prezidentinin bir çox illərdən sonra ilk dəfə Türkiyəyə səfəri və iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı da bunu sübut edir".

"Yəni, birdəfəlik ya Türkiyəni tərəfdaş seçir…"

Ə.Oruclu hesab edir ki, Azərbaycan üçün bunun üstün cəhəti var: "Müsbət dividenti budur ki, Azərbaycanla hüquqi müstəvidə müttəfiq olan Türkiyənin rolunun artması Azərbaycanın mövqelərin güclənməsi deməkdir".

Sizin brauzer HTML5-i dəstəkləmir

Səsgücləndiricilərlə müraciətə Qarabağ ermənilərinin reaksiyası

Lakin politoloqun fikrincə, bu, yalnız o halda ola bilər ki, Azərbaycan öz xarici siyasət prioritetlərini birdəfəlik seçmiş olsun: "Yəni, birdəfəlik ya Türkiyəni tərəfdaş seçir və Moskva ilə hər hansı anlaşmalar imzalamır, ya da ki, iki-üç tərəfdaşı arasında qalır".

O vurğulayıb ki, xüsusilə də indi geosiyasi müstəvidə çox ciddi dəyişikliklərin başlandığı bir dönəmdə bu, Azərbaycan üçün son dərəcə önəmlidir: "O cümlədən də Qarabağ məsələsinin həlli üçün. Düşünürəm ki, səfər çərçivəsində Qarabağla bağlı hansısa müzakirələr olacaq. Sülhməramlıların davranışı, Rusiyanın himayə etdiyi qanunsuz erməni silahlı birləşmələri, atəşkəsin pozulması səfər çərçivəsində, çox güman ki, müzakirə olunacaq və yaxın bir-iki ay ərzində Qarabağda hansısa ciddi addımlar atıla bilər".

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Altı il əvvəl isə Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra isə Qərb və dünyanın bəzi ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Azərbaycan və Türkiyə sanksiyalara qoşulmur.

Qarabağ münaqişəsi isə müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Ağdam rayonu daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.