İlham Əliyev BRICS sammiti üçün Kazana gedib

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev XVI BRICS sammitinin "Outreach/BRICS+" formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib.

Səfər Rusiya prezidentinin dəvəti əsasında gerçəkləşib.

Oktyabrın 22-də Kazanda BRICS sammiti başlayıb. Üç gün çəkəcək sammit iki mərhələdə gerçəkləşir. Birinci gündə qurum üzvlərinin görüşləri olub. Növbəti iki gündə isə görüşlər digər ölkələrin iştirakı ilə baş tutmalıdır. Tədbirdə ümumilikdə 30 civarında ölkədən nümayəndələrin iştirak etdiyi açıqlanıb.

Azərbaycan da BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Bu qurumun adı Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının adlarının baş hərflərindən götürülüb. 18 il əvvəl yaradılan quruma Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri sonrakı illərdə qoşulub.

Bəzi təhlillərə görə, bu təşkilat Şimali Amerika və Qərbi Avropadakı zəngin ölkələrin siyasi, iqtisadi qüdrətinə qarşı bir alternativ kimi yaradılıb. Məqsəd – inkişafda olan ən vacib ölkələri bir araya gətirməkdir. Amma təşkilatçıların açıq bəyanlarına görə, BRICS, əsasən, iqtisadi qurumdur.

Buna da bax: BRICS Azərbaycana nə verəcək?