Dövlətə xəyanətdə suçlanaraq həbs olunan xeberman.com saytının baş redaktoru Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova haqqında cinayət işi ümumi işdən ayrılıb, araşdırma gedir. Bu barədə martın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində P.Aslanovun işinə baxan hakim Faiq Qəniyev məlumat verib.
G.Aslanova məhkəmədə şahid qismində ifadə verərkən həyat yoldaşının həbs olunana qədər fəaliyyəti, yazılarına görə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının təzyiq və təhdidlərinə məruz qalması, sərhəddə saxlanmaları və həmin gün evlərində axtarış aparılmasından danışıb. Deyib ki, ötən il iyunun 12-də İran vasitəsilə Naxçıvana toya gedəndə Biləsuvar sərhəd-buraxılış məntəqəsində saxlanılıblar, həmin vaxt azyaşlı qızları da onlarla olub. Onları öncə Bakıya DTX-ya gətiriblər. Sonra həm onların yaşadığı evdə, həm də qayınanasıgilin mənzilində axtarış aparıblar. Bir sıra əşyaları, o cümlədən kompüter və telefonlarını, sənədləri götürüblər: «Bizim evdə axtarış aparanda əvvəl məhkəmə qərarını göstərmədilər. Çox israr elədim, mübahisəmiz oldu. Axırda uzaqdan bir qərar göstərdilər. Oradan belə başa düşdüm ki, guya Polad Aslanov kimdənsə hədə-qorxu ilə pul tələb edib. Dövlətə xəyanət məsələsi sonradan ortaya çıxdı».
Buna da bax: Polad Aslanov: 'Kərbəla ziyarətinə gedənlərdən 20 dollar rüşvət alınırdı'
«Kartof-soğanı da rayondan valideynlərim göndərib»
Hakim deyib ki, onların evindəki axtarış qərarı G.Aslanovanın özü haqqında çıxarılıb. Onun deməsinə görə, G.Aslanovanın da fəaliyyətini xarici xüsusi xidmət orqanlarının yönləndirməsi barədə şübhələr yarandığından onunla bağlı da axtarış aparılmasına dair məhkəmə qərarı olub. G.Aslanova isə qərarı uzaqdan gördüyünü vurğulayaraq bundan məlumatsız olduğunu söyləyib.
Hakimin sözlərinə görə, P.Aslanovun işi üzrə istintaqın sonunda o cinayət işindən G.Aslanova haqqında cinayət işi ayrılıb.
G.Aslanova ifadəsində deyib ki, həyat yoldaşının İranın xüsusi xidmət orqanlarından pul alıb, onlara casusluq etməsi haqda ittiham yalandır: «Biz elə vəziyyətdə yaşamışıq ki, adi kartof-soğanı da rayondan valideynlərim göndərib. Avtobusla göndərirdilər, qutunun içinə taksinin pulunu da qoyurdular ki, götürəndən sonra evə aparmağa Poladın pulu olmaz. Mənim övladım qonşu uşağın əlində 20 qəpiklik şirniyyatı görəndə ona ala bilmirdim, ağlayırdı. Biz belə vəziyyətdə yaşamışıq».
P.Aslanovun zəvvarları ziyarətə aparan şirkətlərdən DTX əməkdaşlarının pul alması barədə xeberman.com saytındakı yazılarına görə təhdidlərə məruz qaldığını, DTX ilə əməkdaşlıq təklif olunsa da, razılaşmadığını vurğulayan G.Aslanova iddia edib ki, onu buna görə cəzalandırıblar. G.Aslanova iddia edib ki, həyat yoldaşı həbs olunan gün DTX-da tüstü verilən bir otaqda ona təzyiq altında ifadəyə imza atdırıblar: «Elə davranırdılar ki, heç əsirlikdəki adama qarşı elə davranmazlar».
Buna da bax: ‘Məhkəmə açıq keçirilsin, hamı hər şeyi görsün...’
G.Aslanova ifadəsində özəlliklə DTX-nın müstəntiqi Cavid Quluzadənin adını çəkib, həbsindən öncə həyat yoldaşına qarşı təhdidlərdə də, özündən ifadə alınarkən təzyiqə məruz qalmasında da onu günahlandırıb. Deyib ki, prezident, vitse-prezident də daxil olmaqla, DTX rəhbəri, baş prokurora qədər müxtəlif orqanlara qanunsuzluqlardan şikayət göndərib: «Hamısı standart cavab verir ki, şikayətiniz araşdırılır».
Söylənənlərə adıçəkilən şəxslərin münasibəti bəlli deyil.
Xatırlatma
Polad Aslanov ötən il iyunun 12-də saxlanıb. O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.
P.Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - CM-in 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir.
Aslanov ittihamların heç birini qəbul etmir.