Hüseyn Abdullayevin anası: ‘Mən heç kimə rüşvət verməmişəm’

Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva

Keçmiş deputat Hüseyn Abdullayev məhkəmədə ifadə verməkdən imtina edib. Anası Zeynəb Abdullayeva isə ölkədən çıxışına məhduliyyət olduğuna görə bacısının pasportu ilə xaricə gedib-gəlməsi barədə ittihama münasibət bildirib.

Keçmiş deputat və anası, onu ölkədən buraxmaqda ittiham edilən üç nəfər sərhədçi də daxil, 9 nəfərin işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Aprelin 10-da məhkəmədə Zeynəb Abdullayeva ifadə verərkən deyib ki, özünü təqsirli bilmir. İstər rəsmi sənədlərdə təsisçisi olduğu “Araz-İnşaat” ASC-nin fəaliyyəti, istərsə də sənəd saxtakarlığı edib bacısının pasportuyla ölkədən gedib-gəlməsi barədə ittihamları qəbul etmir.

O bildirib ki, sərhədi öz pasportu ilə keçib: “Sadəcə, məni saxlayanda bacımın pasportu çantamda idi. Səhvən, pasport məndə qalmışdı. Burda saxlanılan sərhədçilərin də heç bir günahı yoxdur. Mən heç kimə rüşvət verməmişəm. Nazim Əliyev isə taksi sürücüsü olub, məni tanımır”.

Dövlət Sərhəd Xidmətinin əməkdaşı olan təqsirləndirilənlər də pasport məsələsi barədə danışıb. Pərviz Kazımov deyib ki, Zeynəb Abdullayevanın pasportuna baxanda oradakı fotoşəkildən şübhələnib:

“Şəkildəki adama oxşamırdı. Buna görə mən Həbib İbrahimova məsələni məruzə elədim”.

Təqsirləndilən Həbib İbrahimov isə deyir ki, doğru deyil, Pərviz ona bu haqda heç bir məlumat veriməyib:

“Mənə deyilsəydi, mən tədbir görərdim, ən azı digər şəxslərə məlumat verərdim”.

“Araz-İnşaat” ASC-nin sədr müavini olmuş təqsirləndirilən Namiq Babayev də ifadəsində özünü təqsirli bilmədiyini deyib.

O, Hüseyn Abdullayevlə əlbir olub, müəssisənin gəlirlərini səhmdarlardan gizlətməkdə, müəssisənin icarəsindən gəlir əldə etdiyi halda, vergini ödəməməkdə ittiham olunur. Ancaq o da ittihamları rədd edib:

“Yazılıb ki, 84 min manat icarə haqqı alınıb. Halbuki, Elnur Məmmədov iki ildir ümumiyyətlə, icarə haqqı ödəmir. Müəssisə tam qanuni əsaslarla fəaliyyət göstərib”.

Məhkəmə aprelin 16-da davam edəcək.

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanaraq, Azərbaycana təhvil verilib.

İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb. 2006-cı ildən Hüseyn Abdullayevin nəzarətində olan “Araz-İnşaat” ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb.

Təqsirləndirilən şəxslərdən Namiq Babayev sabiq deputatla əlbir olub səhmdarları aldatmaqda ittiham edilir.

Hüseyn Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. Anası isə CM-in 318-ci (sərhədi qanunsuz keçmə) maddəsilə təqsirləndirilir.

Zeynəb Abdullayeva həbsdə deyil, onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Keçmiş sərhədçilər - Həbib İbrahimov, Zaur Quliyev və Pərviz Kazımov əvvəlcə həbs olunsalar da, bir həftə öncə məhkəmənin hazırlıq iclasında ev dustaqlığına buraxılıblar.

Hüseyn Abdullayev məhkəmənin hazırlıq iclasında özünü təqsirli bilmədiyini, siyasi motivlərlə həbs olunduğunu bildirib.