Avropa İttifaqının (Aİ) Bakıda COP29 iqlim konfransına qatılan liderləri siyasi ittihamlarla saxlananların məsələsini Azərbaycan hakimiyyəti qarşısında birbaşa qaldırmalı, onların azadlığa buraxılmasına çalışmalıdır. Belə bir çağırışla noyabrın 6-da "Human Rights Watch" daxil olmaqla 17 beynəlxalq insan haqları təşkilatı çıxış edib.
Bəyanatda deyilir ki, son iki ildə Azərbaycan hökuməti tənqidçilərinə hücumu gücləndirib. Aİ indi COP29-un yaratdığı nadir beynəlxalq fürsətdən yararlanaraq açıq danışmalı, ölkədəki vətəndaş cəmiyyəti, müstəqil media, insan haqları müdafiəçiləri üçün konkret yaxşılaşmaya nail olmalıdır.
İnsan haqları qurumları bildirirlər ki, Azərbaycan hökuməti tənqidçilərini siyasi motivli həbslər, saxta kriminal ittihamlarla hədəfə alır. Eləcə də qeyri-hökumət təşkilatlarına qarşı xeyli məhdudlaşdırıcı qanunları işə salır. Belə bir "alçaldıcı" sistem isə müstəqil fəalların, media və insan haqları müdafiəçilərinin işini görməsi üçün qanuni yollardan məhrum edir.
Anlaşma Memorandumunun yaratdığı öhdəliklər
Bəyanatda deyilir ki, Aİ Azərbaycanla enerji əməkdaşlığı daxil olmaqla iqtisadi və siyasi əlaqələrinə konkret insan haqları öhdəliklərini salmalıdır. Azərbaycanın Aİ-nin "Şərq tərəfdaşlığı" təşəbbüsünün üzvü olaraq belə öhdəlikləri var. Həmçinin ölkənin dövlət büdcəsinin mədən yanacağından asılılığı, 2022-ci ildə imzalanmış Aİ-Azərbaycan Anlaşma Memorandumunun siyasi təsir üçün ciddi alət olduğu vurğulanır.
"Aİ hakimiyyətə siyasi və diplomatik təsir göstərərək bu tərəfdaşlığın Aİ-nin xarici siyasətdə insan haqlarını müdafiə öhdəliklərinə uyğun gəlməsini təmin etməlidir", – bəyanatda vurğulanır.
İnsan haqları qurumları Azərbaycanda son iki ildə iqtisadçı, antikorrupsiya eksperti Qubad İbadoğlunun, insan haqları fəalı Anar Məmmədlinin, eləcə də azı 11 müstəqil jurnalist və media işçisinin müxtəlif saxta ittihamlarla saxlandığını vurğulayır. İki tədqiqatçı və sülh fəalı isə vətənə xəyanət ittihamı ilə həbs olunub.
Bəyanatda deyilir ki, Aİ liderləri Azərbaycan hakimiyyəti qarşısında siyasi motivlərlə saxlananların işlərini qaldırmalıdırlar. Q.İbadoğlu, A.Məmmədli, media eksperti Ələsgər Məmmədli, jurnalist Hafiz Babalı, iqtisadçı Fazil Qasımov, siyasi fəal Famil Xəlilov kimi müalicəyə ehtiyacı olanların işinə xüsusi önəm verilməlidir. Eləcə də təcridxanada işgəncə və pis rəftar iddialarını ictimailəşdirəndən sonra təhdid olunduğu bildirilən "AbzasMedia" direktoru Ülvi Həsənlinin işi qabardılmalıdır.
Aİ liderlərini Azərbaycanda olarkən çağırırlar ki, siyasi dəstək nümayişi kimi insan haqları müdafiəçiləri, jurnalistlər, müstəqil vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşsünlər.
Bəyanatı "Amnesty International", Jurnalistləri Müdafiə Komitəsi, Avropa Jurnalistlər Federasiyası, "Freedom Now" və digər qurumlar imzalayıb.
Azərbaycan hakimiyyətinin bu bəyanata münasibəti bəlli deyil. Ancaq indiyədək hakimiyyət təmsilçiləri oxşar tənqidləri rədd edib, ölkəyə qarşı məqsədli qarayaxma kampaniyası aparıldığını deyiblər.
Son bir ildə saxlanan jurnalist və fəallar, əsasən, qaçaqmalçılıqda ittiham olunurlar. Özləri isə ittihamları qurama sayır, peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Sizin brauzer HTML5-i dəstəkləmir