Məhkəmə sədrinin kürəkəni həbsdə COVID-ə yoluxdu

Həbsxanada koronavirus

Nəsimi rayon Məhkəməsinin sədri İlham Cəfərovun həbsdə olan kürəkəni Orxan Zöhrabov COVID-19 infeksiyasına yoluxub. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının Bakı Baş Gömrük İdarəsində keçirdiyi əməliyyat nəticəsində həbs olunan Zöhrabovun məhkəməsi gedir. Onun işinə əməliyyatda tutulan daha yeddi nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Oktyabrın 4-də keçirilən məhkəmə iclasında məlum olub ki, təqsirləndirilən səkkiz nəfərdən ikisi təcridxanadan gətirilməyib. Penitensiar Xidmətin nümayəndəsi hakim Əli Məmmədova məlumat verib ki, Orxan Zöhrabov və Emin Xəlilov koronavirusa yoluxub. Bu səbəbdən onların məhkəmədə iştirakı mümkün deyil.

Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru olmuş Emin Xəlilovun da gömrük sistemində çalışan generallardan birinin yaxın qohumu olduğu bildirilir.

Buna da bax: Həbsdəki daha bir icra başçısının durumu ağırlaşıb

"Həbs yerlərində kütləvi yoluxma olduğu bir şəraitdə..."

Zöhrabovun vəkili onun sağlıq durumunu nəzərə alaraq ev dustaqlığına buraxılması barədə vəsatət təqdim edib: "Hər iki ağciyərində ocaqlar aşkarlanıb. Koronavirusa yoluxmamışdan əvvəl də onun səhhətində problemlər vardı və ona görə Müalicə Müəssisəsinə yerləşdirilmişdi. Virus həmin xəstəliklərinə də təsir göstərib. Azadlığa buraxılsa, normal müalicə olunar".

Xəlilovun vəkili də müvəkkilinin durumunun ağır olmasına diqqət çəkərək hökmə qədər həbsdən buraxılmasını istəyib.

Digər təqsirləndirilən şəxslərin vəkillərindən Aqil Layıc bildirib ki, həbsdə saxlanılan şəxsin sağlamlığına, təhlükəsizliyinə görə dövlət məsuliyyət daşıyır. Həbs yerlərində virusun geniş yayıldığını vurğulayan vəkil Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin, keçmiş deputat Rəfael Cəbrayılovun COVID-19-dan ölümünü yada salıb: "Həbs yerlərində kütləvi yoluxma olduğu bir şəraitdə digər təqsirləndirilən şəxslərin də həyatına təhlükə var, onların heç biri virusa yoluxmaqdan sığortalanmayıb. Ona görə bütün təqsirləndirilən şəxslər haqqında həbs-qətimkan tədbirinin dəyişməsini xahiş edirəm".

Buna da bax: Yevlaxın keçmiş icra başçısı həbsdən buraxılıb

Prokuror etiraz edir

O biri vəkillər də məhkəmənin bütün təqsirləndirilən şəxslərə eyni dərəcədə obyektiv və ədalətli münasibət göstərməsini, qərar verilərkən bərabərlik prinsipinə əməl olunmasını xahiş ediblər.

Vəsatətlərə etiraz edən prokuror statistik rəqəmlərə əsaslanaraq bildirib ki, ölkədə koronavirusdan ölüm sayı yoluxanların heç 1 faizini təşkil etmir. Ona görə bu əsasla həbs-qətimkan tədbirinin dəyişməsi yolverilməzdir.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətləri təmin etməyib.

Gömrükçülərin məhkəmə işi isə iki nəfər təqsirləndirilən sağalana qədər təxirə salınıb.

Buna da bax: Keçmiş başçı həbsdə ölüb

Xatırlatma

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2021-ci ilin mayında Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib. Saxlanılanlar arasında Bakı Baş Gömrük İdarəsinin Xüsusi gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, bu qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar MirzəyevEmin Xəlilov, "İpək Yolu" gömrük postunun inspektoru Mirağa Ağayev, "Global Broker" MMC-nin direktoru, eyni zamanda, "D2D Logistics" MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanov və digərləri var.

Təqsirləndirilən şəxslərə qarşı bir qrup şəxs tərəfindən təkrar rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb. Cinayət Məcəlləsində bu ittihamla 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir. Onların heç biri özlərini təqsirli bilmir.