Havalar isindikcə Bakının ayrı-ayrı rayonlarından su ilə bağlı şikayətlər eşidilməyə başlayıb.
Binəqədi rayonunun Mir Cəlal küçəsində yaşayan sakinlər bildirir ki, artıq bir neçə ildir su onlara gün ərazində yalnız müəyyən saatlarda verilir: "Səhər 3-4 saat, axşam da cəmi 3 saat suyumuz gəlir. Şikayət da etmişik, amma hələ ki, problem həll olunmayıb. Gəlib evin damında olan su baklarını da yığışdırıblar ki, su daimi veriləcək. İndi nə bak var, nə də su".
Qaraçuxur qəsəbəsinin Yusif Eyvazov küçəsinin sakinləri da suyun qrafiklə verilməsindən narazıdırlar. Onların sözlərinə görə, su hər gün saat 22:00-da kəsilir, verilməsi isə saat 07:30-da bərpa olunur: "Dəfələrlə müraciət etsək də, heç bir tədbir görülmür...".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Su bizə həftədə bir dəfə maşınla gəlir"
Yeni Qala qəsəbəsində yaşayan sakinlər isə bildirir ki, ərazidə, ümumiyyətlə, su xətti yoxdur: "Su bizə həftədə bir dəfə maşınla gəlir".
Bu il yanvarın 31-də Tarif Şurası suyun qiymətinin qaldırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, 1 kubmetr su Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda əhali üzrə 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik olub. Tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə 1 kubmetr üçün 30 qəpik təsdiq olunub.
Tarif tənzimlənməsi "Azərsu" ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılmasına, fasiləsiz su təminatının əhatə dairəsinin daha da genişlənməsinə əlavə imkanlar yaradacağı ilə əsaslandırılıb. Azərbaycanda suyun qiyməti bundan əvvəl də bir neçə dəfə qalxıb. Lakin buna və ASC-yə hər il dövlət büdcəsindən vəsait ayrılmasına baxmayaraq, paytaxtda su şikayətləri hələ də eşidilməkdədir. (Bu il 45 milyon manat dotasiya nəzərdə tutulub)
Şikayətlərə rəsmi cavab...
"Azərsu" ASC-dən "Turan"a bildirilib ki, həm Binəqədi rayonunun Mir Cəlal, həm də Qaraçuxur qəsəbəsinin Yusif Eyvazov küçəsində olan su problemi haqqında məlumatları var: "Mir Cəlal küçəsindəki problem relyeflə bağlıdır. Həmin küçə relyefcə yüksək ərazidə olduğuna görə məhəllədaxili nasosxanadan qidalanır və səhər-axşam rejimində sakinlər su ilə təmin edilir. Hal-hazırda həmin ünvanda sakinlərin fasiləsiz su ilə təmin edilməsi üçün texniki imkanlar yoxdur, amma gələcəkdə orada daxili sistemin yenidən qurulması və fasiləsiz su ilə təmin olunması planlaşdırılır. Yusif Eyvazov küçəsinə gəlincə isə, məsələ mütəxəssislər tərəfindən araşdırılır".
Qurumdan qeyd olunub ki, Yeni Qala qəsəbəsində isə yeni layihənin icrası aparılır: "Bu iş mərhələli şəkildə həyata keçirilir... Amma bütün qəsəbənin içməli su ilə təchiz edilməsi üçün su sisteminin yaradılması Abşeron yarımadasının Baş planında öz əksini tapıb".
"Bakıda istehlakçıların 81.6 faizi 24 saat fasiləsiz..."
"Azərsu" ASC-dən vurğulanıb ki, görülmüş işlər nəticəsində və istehlakçıların sayının artmasına baxmayaraq, hazırda Bakı şəhərində istehlakçıların 81.6 faizi 24 saat fasiləsiz su ilə təmin oluna bilir: "ASC-nin daxili imkanları hesabına hazırda Binəqədi, Abşeron, Səbail, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin regionlarda Hacıqabul, Saatlı, Tovuz rayonlarının kənd və qəsəbələrində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir".
"İdarəetmənin şəffaf olmaması..."
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, əhalinin su ilə normal təchiz edilməməsinin səbəbi idarəetmədədir : "İdarəetmənin şəffaf olmaması, ayrılan vəsaitlərin qeyri-şəffaf xərclənməsi, korrupsiya mexanizmləri və sxemlərin olması ehtimalı kifayət qədər yüksəkdir".
O hesab edir ki, ümumiyyətlə, "Azərsu" ASC-nin aldığı qərarların özü effektiv deyil . İqtisadçının fikrincə, onun su ilə təminatı tam başa çatdırmamış özünə yeni ayrıca bina tikməsi özü də ən azından məntiqsizlik idi.
N.Cəfərli qeyd edib ki, "Azərsu” ASC abonentlərlə müqavilə bağlamalıdır: "Bu qanunvericiliyə və məntiqə görə, belədir. Amma istənilən şəxsdən soruşsan, düşünmürəm ki, kiminsə "Azərsu" ilə müqaviləsi var. Müqavilə əsnasında suyun verilməsi ilə bağlı problemlər yaşananda məsuliyyətin bir qismini də "Azərsu" bir şirkət olaraq öz üzərinə götürməlidir".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Azərbaycanda belə şey yoxdur"
İqtisadçı vurğulayıb ki, əgər suyun və ya digər kommunal xidmətlərin təminatı paylayıcı şirkətinin ucbatından bir müddət dayandırılırsa, onun əvəzinə kompensasiya olaraq vətəndaşlara ayrıca bir güzəştlər olmalıdır: "Azərbaycanda belə şey yoxdur".
N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda istənilən təbii inhisarçı olan dövlət şirkəti həm dövlət büdcəsindən vəsait alır, həm də xaricdən kreditlər cəlb edir, bunları qeyri-şəffaf xərcləyir, üstəlik də, qiymətləri qaldırır : "Əslində ölkədə suyun maya dəyərinin hesablaması ilə bağlı "Azərsu" normal bir açıqlama verməyib. Nəticə etibarilə, maya dəyərin yüksək olduğunu deyib Tarif Şurasına müraciət edirlər, qiymətlər qalxır, amma xidmətin keyfiyyəti lazımı qədər yüksəlmir".