Gəncə hadisələrindən iki ilə yaxın vaxt keçsə də, həmin olaylara görə cəzalandırılanlar hələ də məhkəmələrdə bəraət axtarışındadır. İyunun 23-də Ali Məhkəmədə bu hadisələrə görə həbs cəzası çəkən 11-nəfərlik daha bir qrupun işinə baxılıb. Ali Məhkəmə bu 11 nəfərdən ikisinin cəzasını azaldıb.
İki ilə yaxındır kütləvi iğtişaşların təşkilində suçlanaraq cəza çəkən Xəyal Qafarova bu ittiham üzrə bəraət verilib. CM-in 228 (qanunsuz silah-sursat saxlama) və 234-cü (narkotik) maddələri ilə ittihamlar isə üzərində qalıb. Amma cəzası 4 il 6 aydan 1 il 11 ay 15 günə endirilib.
Daha bir təqsirləndirilən Əli Rzayevə isə narkotik ittihamı üzrə bəraət verilib. Amma onun üzərində də silah saxlama ittihamı qalıb.
Bu qrupdakı qalan 9 nəfər haqqında hökm isə dəyişməyib.
Buna da bax: Yunis Səfərovun anası: 'Oğlumun ölü, yoxsa sağ olmasından xəbərim yox idi'
Xatırlatma
2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantı Qasım Aşpazova silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.
Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Y.Səfərovun yaxınları isə bu iddianı təkzib edir.
Rəsmi məlumata görə, sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.
Buna da bax: Yunis Səfərov: 'Xalq bilməlidir ki, vətəndaş məmura niyə xəsarət yetirib'
Bundan sonra 80-ə yaxın adam həbs edilib. Həbs olunanların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Onlara 5 ildən 18 ilə qədər həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsi hökmləri dəyişib, cəzaları azaldıb. Həbs olunanlardan təxminən 10 nəfər artıq azadlığa buraxılıb.
Y.Səfərov və onunla eyni qrupda olan daha 11 nəfərin məhkəməsi isə davam edir. Onlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.