Gəncə hadisələrinə görə 26 gündür aclıq etdiyi bildirilir

F.Zeynalov

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Firudin Zeynalovun 26 gündür aclıq etdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna məlumat verən qardaşı Anar Zeynalov bildirib ki, onun səhhətində kəskin problemlər yaranıb: "Onun bu işə heç bir aidiyyəti yoxdur, şərlənib. Məhkəmə də ədalətsiz oldu, vəsatətləri təmin olunmadı, prokuror 19 il cəza istədi. Axırıncı dəfə iki gün əvvəl danışmışıq. Təzyiqi çox düşür. Həkim nəzarətindədir...".

Qardaşının sözlərinə görə, Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində koronaviruslu xəstələrin sayı artdığından Zeynalovu yenidən kameraya qaytarıblar. Amma yenə də həkim nəzarətindədir, təzyiqi tez-tez ölçülür.

Buna da bax: 'Gəncə məhbuslarına azadlıq' tələbi ilə etiraz aksiyası

Zeynalovun aclıq etməsindən Ombudsman Aparatı da məlumatlıdır. Aparatdan AzadlıqRadiosuna verilən məlumata görə, Ombudsmanın nümayəndələri mayın 6-da Bakı İstintaq Təcridxanasında Zeynalovla görüşüblər. Ona səhhətinə ziyan olduğunu bildirərək aclığı dayandırmağı tövsiyə ediblər. Lakin Zeynalov aclığı davam etdirməkdə israrlı olduğunu deyib.

Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov da Zeynalovun aclıq etməsi haqda məlumatlı olduğunu bildirib.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsddə suçlanan Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Səfərov isə sabiq icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirib.

Buna da bax: 'Gəncə məhbusları'ndan dördü azadlığa buraxıldı

Bu il martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Y.Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Digər təqsirləndirilən şəxslərə 20 ildən 18 ilə kimi azadlıqdan məhrumetmə cəzası istənilib.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib. Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin qruplar şəkilində ayrı-ayrı vaxtlarda məhkəmələri olub. Əksəriyyəti kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılıb, azadlığa buraxılanlar olub. Gəncə hadisələrinə görə həbs olunanlar işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, rəsmi qurumlar bu iddiaları təkzib edib.