Dövlət Gömrük Komitəsinin (DGK) Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi Ceyhun Babayev həbs edilib.
Bu barədə bu gün, iyunun 25-də Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumatda yazılıb ki, həmin vəzifəli şəxs barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
İddiaya görə, hər iki qurumun keçirdiyi birgə əməliyyat nəticəsində C.Babayev iyunun 23-də 750 dollar rüşvət alarkən tutulub. Həmin pulun daşıma fəaliyyəti ilə məşğul olan "Gate Est Group" MMC və "Interlogistics" MMC-nin səlahiyyətli nümayəndəsindən onlara məxsus malların tranzit gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb olunduğu iddia edilir: "Faktla bağlı cinayət işi başlanılaraq Ceyhun Babayeva... Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulmuş ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib".
Bu açıqlamaya, hələlik, C.Babayev, onun vəkili və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.
Həmin ittiham üzrə şəxsə 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası verilə bilər.