Gürcüstan prezidenti LGBT hüquqlarını məhdudlaşdıran qanunları imzalamayıb 

Tbilisidə "Ləyaqət yürüşü"

Gürcüstanın prezidenti Salome Zurabişvili LGBT hüquqlarını məhdudlaşdıran qanun layihələrini nəzərdə tutulan müddət ərzində imzalamayıb, ancaq onlara veto da qoymayıb. Konstitusiyaya görə, bu halda qanunlar ölkə parlamenti spikerinin beş gün ərzində imzalamasından sonra qüvvəyə minir.

S.Zurabişvilinin qanun layihələrinə veto qoyacağı gözlənirdi. Ancaq hakim "Gürcü arzusu" partiyasının parlamentdəki mandat sayı ona vetonu aşmaq imkanı verir.

"Ailə dəyərləri və azyaşlıların müdafiəsi" adlı sənədlər paketinə sentyabrın ortasında 84 deputat səs verib, onun əleyhinə çıxan olmayıb. Müxalifət bu parlamentin işini boykot edir, onun iclaslarına qatılmır.

Qanun layihələrinə görə, Gürcüstanda LGBT fərdlərin nikaha girməsi, övladlığa uşaq götürməsi qadağan olunacaq. Həmçinin transgender dəyişikliyi çərçivəsində əməliyyatların aparılması, sənədlərdə gender işarəsinin dəyişdirilməsi, o cümlədən məktəblərdə və mediada LGBT+ barədə danışmaq yasaqlanacaq.

Bundan əlavə, deputatlar son illərdə homofobların hücumuna məruz qalan "Ləyaqət yürüşləri" və festivallar da daxil olmaqla "qəribə mövzulu" toplantıları qadağan ediblər.

Gürcüstanın üzvlüyə namizəd olduğu Avropa İttifaqı (Aİ) qanun layihələrini sərt tənqid edib. Blokun xarici siyasət rəhbəri Jozep Borrel deyib ki, bu qanunvericilik "ölkəni Aİ-yə gedən yoldan daha da sapdırır".