Gürcüstandakı seçkilər Azərbaycandakına oxşayır, oxşamır…

Tbilisidə səsvermə. 2 oktyabr 2021

Oktyabrın 2-də Azərbaycanın qonşusu Gürcüstanda bələdiyyə seçkiləri keçirilib. Seçkilərin nəticələrinə əsasən, ölkənin ən azı 20 şəhərində qalibləri ikinci tur müəyyən etməlidir.

Buna da bax: Gürcüstanda seçkini hakim partiya udur

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Tbilisidəki səfirliyi bu seçkilərlə bağlı açıqlamasında bildirib ki, koronavirus pandemiyasına baxmayaraq, yüksək seçici fəallığı müşahidə edilib. Amma açıqlamada ATƏT seçki institutunun rəyinə də yer verilərək bəzi tənqidi məqamlara toxunulub. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilkin rəyində namizədlərin rəqabətli mühitdə azad kampaniya apara bildiyini, amma proseslə bağlı genişmiqyaslı və davamlı qorxutma, seçicilərin satın alınması, namizədlərə və seçicilərə təzyiq iddialarının olduğunu bildirib.

Bəs Azərbaycanda seçkilər belə rəqabət şəraitində keçirilirmi? Keçirilmirsə, bunun səbəbləri nədir?

Prezident İlham Əliyev parlament seçkilərində səs verir. 9 fevral 2020

Prezident İlham Əliyev hələ ötən il fevralın 10-da Milli Məclisə bir gün əvvəl keçirilən növbədənkənar seçkilərlə bağlı bunları demişdi: "… Mən xatırlamıram ki, Azərbaycanda keçirilmiş hansısa parlament seçkisində 1300-dən çox namizəd olsun. Yəni bu, özlüyündə onu göstərir ki, seçkilər rəqabət şəraitində keçirildi və bütün namizədlərin qeydə alınması prosesində ədalətli mövqe nümayiş etdirildi". Amma beynəlxalq müşahidə missiyası Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində həqiqi rəqabətin olmadığını və ciddi prosedur pozuntularına yol verildiyini vurğulamışdı.

Buna da bax: Saakaşvili seçki günü təcridxanadan tərəfdarlarına müraciət göndərib

"Azərbaycan demokratik dövlət olaraq..."

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da "Turan"a deyib ki, Azərbaycanda keçirilən bütün seçkilər demokratik standartlara cavab verib: "Şəffaf və ədalətli seçkilər Azərbaycanda demokratik siyasi sistemin başlıca göstəricisidir. Azərbaycan demokratik dövlət olaraq seçki sisteminin də beynəlxalq standartlara uyğun formalaşdırılmasını daim diqqət mərkəzində saxlayıb".

Onun sözlərinə görə, bu fakt bir daha Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu, eləcə də siyasi sistemin demokratiklik səviyyəsinin nümunəvi xarakter daşıdığını göstərir.

A.Məmmədli

"Aramızda çox ciddi fərqlər var"

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, seçki məsələsində Azərbaycanı Gürcüstanla müqayisə etmək çox çətindir: "Çünki aramızda çox ciddi fərqlər var. Xüsusilə də siyasi azadlıqların təminatı ilə bağlı. Siyasi plüralizm, seçkiqabağı təbliğat mühiti Azərbaycanla müqayisədə Gürcüstanda qat-qat üstün səviyyədə təmin olunur".

Buna da bax: Tərəfdarları Saakaşvilinin azad olunmasını tələb edirlər

A.Məmmədli Gürcüstanda da seçkilərlə bağlı narazılıqların olduğunu inkar etmir: "Manipulyasiya, seçici səslərinin alınması kimi məsələlərdə Gürcüstan hökumətinə çox ciddi tənqidlər olsa da, onlar Azərbaycanla müqayisə edilməyəcək qədər cüzi pozuntular kimi görünür".

Onun fikrincə, Gürcüstanda seçki zamanı baş verən pozuntular seçki nəticələrinə ciddi təsir etməyib: "Azərbaycanda isə ciddi şəkildə təsir edir və xalqın azad iradəsini ifadə etməyə imkan vermir".

B.Süleymanlı

"Siyasi iradə lazımdır"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda seçkilərin şəffaf və bərabərlik prinsipi ilə keçirilməsi üçün ilk növbədə siyasi iradə lazımdır: "Siyasi iradə ortaya qoyulmalıdır ki, seçkilər xalqın iradəsi əsasında keçirilsin. Bütün qalan proseslər – qanunun təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin vəziyyətinin yaxşılaşdırılması bundan sonra başlayır".

Onun sözlərinə görə, Azərbaycanda seçki ənənəsi formalaşmayıb: "Buna görə də hökumət seçkilərin demokratik əsaslarla keçirilməsində maraqlı olmur".