Gənc fəalın 10 sutka həbs olunduğu deyilir

Nəriman Nəsrullah

Gənc fəal Nəriman Abdullanın bu gün, aprelin 11-də Lənkəran şəhərində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 10 sutka həbs olunduğu bildirilir.

Bu barədə N. Abdullanın yaxınları məlumat verib.

Məlumata görə, fəalı aprelin 10-da axşam saatlarında Lənkəran Rayon Polis Şöbəsinin üç əməkdaşı evdən aparıb:

"Nərimanı evdən aparıblar. Heç bir şeyi da izah etməyiblər. Gecə evə yenidən polis gəlib və Nərimanın telefonunu aparıblar".

Fəalın yaxınları onun həbsini sosial şəbəkələrdə yazdığı statuslarla və şərhlərlə izah edir.

Bu deyilənlərə, hələlik, Lənkəran Rayon Polis Şöbəsindən münasibət almaq mümkün olmayıb.

Bir sıra müxalifət qüvvələri və bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, Azərbaycan hakimiyyəti karantindən tənqidi mövqelərin susdurulmasından ötrü istifadə edir. Rəsmilər isə belə fikirləri qəbul etmirlər.

Daxili İşlər Nazirliyindən (DİN) vurğulanıb ki, belə iddiaların heç bir əsası yoxdur və bu cür qərəzli fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey deyildir.

“Təkcə cari ilin mart ayı ərzində xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb olunub, 154 nəfər inzibati qaydada həbs edilib, 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülub.” , deyə DİN aprelin 10-da qeyd edib.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 100 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda da 991 nəfərin koronavirus infeksiyasına yoluxduğu və 10 nəfərin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. 10 gün sonra, martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxırlar. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.