Gəlir inflyasiyanı üstələyibmi?

Sizin brauzer HTML5-i dəstəkləmir

Mütəxəssislər hökumətə inflyasiya cilovlama resepti təqdim edir

Son illər Azərbaycanda bəzən rəsmi qurumlar eyni məsələ ilə bağlı fərqli rəqəmlər dilə gətirirlər. Bu yaxınlarda bu ziddiyyət özünü ölkədə istehsal edilən ərzaq buğdasının həcmi ilə bağlı göstərmişdi. Son günlər isə əhalinin gəlirləri ilə bağlı səslənən rəqəmlər müxtəlif müzakirələrlə müşahidə edilir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin iki ayında inflyasiya əməkhaqqı artımını təqribən 1.2 faiz üstələyib. Qurumun saytında yer alan məlumata görə, 2022-ci ilin yanvar-fevralında inflyasiya 12.2 faiz təşkil edib, ayrılıqda ərzaq isə 17.2 faiz bahalaşıb: "2022-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq 768.3 manat olub".

Aprelin 12-də prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə isə dedi ki, bu ilin üç ayında ərzaq inflyasiyası 18, əhalinin gəlirləri 20 faiz artıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Maaşlarını ala bilməyən işçilər etiraz edib

DSK bunu necə izah edir?

DSK-dan "Turan"a bildirilib ki, bu ilin yanvar-martında da inflyasiya 12.2 faiz olub. Həmin dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları 17, qeyri-ərzaq məhsulları 6.2, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 10.1 faiz bahalaşıb.

Eyni zamanda, qurumdan vurğulanıb ki, bu ilin yanvar-fevralında Azərbaycan əhalisinin nominal gəlirləri 9 milyard 282.9 milyon manat və ya hər nəfərə orta hesabla 924.5 manat təşkil edib: "Ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin nominal gəlirləri 15.7 faiz, adambaşına düşən gəlirlər isə 15.3 faiz artıb. Mart ayında da artım müşahidə edilib. Ümumilikdə üç ay ərzində ötən illə müqayisədə artım 20 faiz təşkil edib".

Komitədən deyirlər ki, muzdla çalışanlarla ümumilikdə əhalinin gəlirlərini qarışdırmaq lazım deyil. Onların açıqlamasına görə, iki ayda 15, üç ayda isə 20 faiz artım deyildikdə, ümumilikdə əhalinin nominal gəlirləri nəzərdə tutulur.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Azərbaycanda normal yaşamaq üçün 3-4 min manat maaş lazımdır'

"İllik əlavə olaraq 2.1 milyard manat ayrıldı"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə "Turan"a deyilib ki, prezidentin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması ölkədə sosial ödənişlərin ardıcıl şəkildə artırılmasında öz təsdiqini tapır: "2022-ci ilin əvvəlindən isə 3.4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlər artırıldı və bunun üçün illik əlavə olaraq 2.1 milyard manat ayrıldı".

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna mövzu ilə bağlı bunları deyib: "Rəsmi məlumata görə, ölkədə ərzaq inflyasiyası səviyyəsi 17.2 faizdir, sadəcə, dövlət başçısı yəqin bunu yuvarlaq şəkildə 18 faiz səviyyəsində dedi".

Gəlirlərin artımı ilə bağlı iqtisadçı qeyd edib ki, ölkədə muzdla çalışanların sayı 1 milyon 700 mindir: "Ondan 900 mindən bir az yuxarısı dövlət sektoruna aiddir. Burada indeksləşmə qanunvericiliyə uyğun olaraq sahələr üzrə aparılır. Ortalama rəqəmin 20 faiz olduğu deyilir. Yəni, elə bir dövlət qulluqçuları var ki, onların maaşları 40 faiz, bəzilərinin 8-9 faiz artıb. Ortalama ilə isə 20 faiz artığını söyləyirlər".

N.Cəfərli

"Özəl sektorda maaşlar o qədər artmayıb"

Amma, N.Cəfərlinin sözlərinə görə, ölkədə 700 min özəl sektorda rəsmən muzdla çalışan adamlar var ki, qanunvericilikdə onların əməkhaqqının artımı ilə bağlı heç bir öhdəlik yoxdur: "Sadəcə, minimum əməkhaqqı artırılanda özəl sektorun öhdəliyi bundan az maaş verməməkdir. Amma bundan yuxarı maaş işəgötürənlə işçi arasında müəyyənləşdirilir və belə bir qayda yoxdur ki, mütləq indeksləşmə aparılmalıdır, maaşlar 10-20 faiz artmalıdır. Ona görə də göstərilən dövr ərzində özəl sektorda maaşlar o qədər artmayıb".

İqtisadçı hesab edir ki, ümumilikdə ölkə əhalisinin gəlirlərinin ortalama 20 faiz artdığını demək doğru yanaşma deyil: "İnkişaf etmiş ölkələrdə artım sahələr üzrə açıqlanır. Məsələn, bank sektorunda bu qədər, səhiyyə sektorunda bu qədər, təhsil sektorunda bu qədər artıb. Əsas kimi bu metodologiya götürülməlidir".