Doqquz aydır hərbi xidmətdə olan jurnalist Fərid İsmayılov xidmət etdiyi Müdafiə Nazirliyinin hərbi hissəsindəki şəraitdən narazıdır. "Turan" agentliyinin xəbərinə görə, bu barədə onun özü bildirib. O, artıq sağlamlığında ciddi problemlər yarandığını vurğulayıb.
"Generator, içməli su, qida..."
F.İsmayılovun sözlərinə görə, xidmət etdiyi hərbi hissə generator, içməli su, qida problemini aylardır həll edə bilmir: "Başları rüşvət, korrupsiyaya qarışıb…".
Onun deməsinə görə, çavuş heyəti öz maaşından əsgərlər üçün qida alıb gətirir ki, xəstəlik yaranmasın: "Odun göndərmir, amma əsgər, çavuş heyəti minalanmış ərazidən odun toplayır. Bölməmin komandiri yuxarı komandanlığa problemləri, onların həll yollarını çatdırır, fayda isə yoxdur".
"Cənab Prezident…"
O qeyd edib ki, məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti, Hərbi Prokurorluq, Müdafiə Nazirliyinin əməkdaşlarına müraciət etsə də, problem həll olunmur: "Cənab Prezident özünüz deyirsiniz ki, Azərbaycanın güclü ordusu var. Bəli, var, kifayət qədər güclü ordudur, amma bu ordunun əsgəri ilə maraqlanmırsınız, bir dəfə hansısa posta gedib əsgərlə kontaktda olmamısınız…".
Sizin brauzer HTML5-i dəstəkləmir
F.İsmayılov sonra da sual edir: "Siz əsgərə 13 manat aylıq müavinətin verildiyi orduya güclü ordu deyirsiniz!".
Bu açıqlama sosial şəbəkələrdə də yayılıb.
Nazirlikdən cavab
Bütün bu qeyd edilənlərlə bağlı "Turan" agentliyi Müdafiə Nazirliyinə üz tutub. Nazirlikdən agentliyə deyiblər ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçu ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqe və digər amillərdən asılı olmayaraq nizamnamənin tələblərinə uyğun xidmət keçir: "Komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar. Hərbi qulluqçunun məlum müraciətində səsləndirilən fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri-adekvat çıxışlar Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir".
Bu deyilənlərlə bağlı Dövlət Təhlükəsizliyi Xidməti və Hərbi Prokurorluqdan isə münasibət almaq mümkün olmayıb.