Son günlər Azərbaycanda qoyun və dana ətinin bahalaşması müşahidə olunur. Xüsusilə də rayonlardan bununla bağlı şikayətlər eşidilir.
Şamaxı rayon sakinləri deyirlər ki, əvvəllər kiloqramı 10 manata satılan dana əti 11 manata, 13 manata satılan quzu əti isə 15 manata yüksəlib. Hətta sakinlər bildirirlər ki, bahalaşma bazarlarda diri satılan mal-qarada daha çox görünür.
Sizin brauzer HTML5-i dəstəkləmir
Rayonda adının çəkilməsini istəməyən bir fermer isə AzadlıqRadiosuna deyib ki, arpanın, otun da qiyməti qalxıb: "Arpanın keçən il kiloqramı 40 qəpik idi, indi 50 qəpikdir. Otun bir bağlaması isə 3.5 manatdan 4 manata yüksəlib".
"Biz də məcburuq qaldıraq"
Yasamal rayonunda yerləşən ət dükanlarında işləyən satıcılar da AzadlıqRadiosuna bildirib ki, rayonlardan gətirilən heyvanların qiyməti yüksəlib. Onların sözlərinə görə, əvvəlki qiymətlərlə 1-2 manat fərq var. "Heyvan satanlar qiymətini qaldırdı. Hətta heyvan gətirən maşınlar da qiymətini qaldırdı. Biz də məcburuq qaldıraq", - adının çəkilməsini istəməyən satıcılardan biri vurğulayıb.
Satıcılar deyir ki, dana əti əvvəl 10 manat idi, indi olub 11-12 manat: "Quzu əti isə 13 manat idi, indi 15-ə satırıq".
"Bu, süni qiymət artımıdır"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, unun və çörəyin qiyməti qalxandan sonra digər ərzaqlar da bahalaşıb: "Əsas un və çörəkdir. Onların qiyməti qalxandan sonra hər şeyin qiyməti qalxdı".
Deputat qeyd edib ki, Azərbaycan mal və qoyun əti ilə, əsasən, özünü təmin edir: "85-90 faizə qədər bizim təminatımız var. Belə baxanda qiymət qalxmamalıdır. Bazarlarda, mağazalarda ət birinci əldən satılmır. Birinci əldən satılsaydı, bunu tənzimləmək olardı. Bu, süni qiymət artımıdır".
Komitə üzvü hesab edir ki, ətin qiymətləri ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinqlər aparmalıdır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən də "Turan"a deyiblər ki, məsələ ilə bağlı artıq monitorinqlər aparılır və ictimaiyyətə məlumat veriləcək.
"Əsas amil ondan ibarətdir ki..."
İqtisadçı Qubad İbadoğlu isə AzadlıqRadiosuna bildirib ki, uzun müddətdir ətin qiymətinin sabitləşməsində koronavirus pandemiyası əhəmiyyətli rol oynayıb: "Çünki toylar, mərasimlər məhdud idi. İndi ətə tələbatı şərtləndirən toy mərasimlərinin artması da son nəticədə qiymətin bahalaşmasına bir amil kimi təsir göstərib".
Lakin o, bunun əsas amil olduğunu düşünmür: "Əsas amil ondan ibarətdir ki, ət istehsalçılarının məsrəfləri artıb. Onlara lazım olan yem, yem tədarükü, heyvanların saxlaması, bəsləməsi xərcləri artıb. Ona görə də ət istehsalı indi əvvəlki illərə baxanda bahalaşıb".
Q.İbadoğlu qeyd edib ki, bazarların qarşılıqlı fəaliyyəti var: "İqtisadiyyatda belə bir qanunauyğunluq var. Bir məhsulun qiyməti bahalaşanda digərlərin də qiyməti qalxır. Çörək və kərə yağı bahalaşıbsa, ətin də bahalaşması gözlənilən idi".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Heyvandarlıq daha da inhisarlaşıb"
Onun fikrincə, heyvandarlıq daha da inhisarlaşıb: "Heyvandarlıq sektorunda əvvəllər ailə kənd təsərrüfatları kifayət qədər böyük çəkiyə malik idi. Sonradan bu aqroparklar gəldi və örüş yerlərini əkin yerlərinə çevirdilər. Bu da heyvandarlıq sahəsində xərclərin artımını şərtləndirdi və onların da bir çoxu heyvanların sayını azaltmağa başladı. Balaca təsərrüfatlarda heyvandarlıq inkişaf etmir, böyüklər isə inhisarçı aqroparkların əlindədir. Onlar da qiymətlərini diktə edirlər".