Azərbaycanda dövlət və səfərbərlik ehtiyatları yaradılacaq. Bu, prezidentin fevralın 10-da imzaladığı "Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Fərmanda əksini tapıb. Fərmanla Nazirlər Kabineti dövlət ehtiyatları haqqında qanun layihəsi hazırlamalı və istehlak bazarında strateji malların siyahısını prezident ilə razılaşdırmaqla təsdiq etməlidir.
Dövlət Ehtiyatları Agentliyinin (DEA) qarşısına qoyulan vəzifələrdən biri daxili bazarda ölkənin strateji əhəmiyyətli malları üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaqdır.
Dövlət Ehtiyatları Agentliyi haqqında
DEA ötən il oktyabrın 7-də prezident İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin əsasında yaradılıb. Məqsəd kimi ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması və daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması göstərilib. Dövlət Taxıl Fondu da yeni yaradılmış Agentliyin sərəncamına verilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, DEA-nın iki funksiyası var: "Birincisi, bizdə yetərli qədər ehtiyatlar olmalıdır. Bəzi ekspertlər bu ehtiyatların doqquz aylıq, bəzi ekspertlər isə bir illik olmasını vacib sayır".
"İnflyasiyanın səviyyəsi kəskin artanda…"
Deputatın sözlərinə görə, qurumun ikinci funksiyası qiymətlərin tarazlanması və onlara nəzarətdir: "Yəni, inflyasiyanın səviyyəsi kəskin artanda həmin dövlət rezervlərindən istifadə edərək əhalini ərzaqla köhnə qiymətlərlə təmin edir. Bu, əsasən, istehlak səbətinə daxil olan ərzaq məhsullarına aiddir".
Deputat Agentliyinin yaradılmasını çox vacib addım kimi qiymətləndirib: "Azərbaycan istənilən xarici çağırışlara hazır olmalıdır".
Sizin brauzer HTML5-i dəstəkləmir
Parlamentin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov da "Turan"a deyib ki, DEA Azərbaycan iqtisadiyyatını, daxili bazarını xarici təsirlərdən qorumağa hesablanıb: "Dünya bazarlarında ərzaq mallarının qiymətinin artımı Azərbaycanın daxili bazarına da öz təsirini göstərir. Məsələn, ilin əvvəlində çörəyin bahalaşması birbaşa dünya bazarlarında taxılın idxal qiymətlərinin bahalaşması ilə bağlıdır. Yəni, bu Agentliyin yaradılması, xüsusilə də Taxıl Fondunun bu quruma verilməsi daha çox tələb olunan strateji malların dövlət ehtiyatını yaratmaq məqsədini daşıyır".
"Dövlət iqtisadi fəaliyyətə nəzarət etmək yolunu tutur"
İqtisadçı, işadamı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, müxtəlif dövlət qurumlarının səlahiyyət çərçivəsini daraltmaq və ya genişləndirmək ənənəsinə son qoyulmalıdır: "Onların heç biri qiymət siyasətini təyin etməkdə real olaraq inzibati resurslardan kənar çıxmırlar".
Onun fikrincə, bu isə o deməkdir ki, dövlət özü iqtisadi fəaliyyətə nəzarət etmək yolunu tutur: "Bu, çox acınacaqlı nəticələrə gətirib çıxarır. Unun qiymətləri ilə bağlı atılan addımlara gəlincə, dövlət bu qiymətləri belə instrumentlərlə nəzarət altında saxlaya bilməz".
N.Bəydəmirlinin sözlərinə görə, qiymətlərin optimallaşmasının bircə yolu var - bazar instrumentlərinin işləməsinə mane olmamaq: "Yəni rəqabət mühitini formalaşdırmaq və hökumətin əlində olan fiskal siyasətdən istifadə edib operativ qaydada istehlakçıların xeyrinə addım atmaqdır".
O deyir ki, bütün dünyada əgər hər hansı sahədə qıtlıq yaranırsa, qiymət artımı ehtimalı varsa, hökumətin ilk addımı idxal vergisini qaldırmaq və daxildə vergiləri azaltmaq olur: "Çox təəssüf ki, Azərbaycan iqtisadi sektorunda bu iqtisadi əlifbanı yaddan çıxardırlar".