İyulun 7-də 90-cı illərdə əsirlikdə olan azərbaycanlılara işgəncə verməkdə suçlanan Ermənistan vətəndaşları Lüdviq Mkrtiçyan və Alyoşa Xosrovyanın Bakıda məhkəməsi keçirilib. Onlar proses zamanı Azərbaycan xalqından üzr istədiklərini desələr də, bunu təzyiq altında dilə gətirib-gətirmədikləri bəlli deyil.
Adları çəkilən şəxslərin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Məhkəmə prosesi isə Yasamal rayon Məhkəməsinin inzibati binasında keçirilir.
Xosrovyan və Mkrtiçyanın Azərbaycan CM-nin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 120 (qəsdən adam öldürmə) 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və başqa maddələri ilə ittiham olunur. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onlar özlərini yalnız Azərbaycan sərhədini qanunsuz keçmə əməlində qismən təqsirli bilirlər.
Ermənistanın Ombudsmanı Arman Tatoyan isə ötən ay verdiyi bəyanatda hərbi əsirlərin hər hansı formada mühakimə olunmasını beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb.
Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Azərbaycan 10 noyabr atəşkəs razılaşmasından sonra öz ərazisində saxlanan erməni hərbçiləri əsir deyil, terrorçu-diversant sayır. Amma onların bir qismi sonradan mina xəritələri qarşılığında azad olunub.