'Ermənilərin mina xəritələrinə dəyişdirilməsi davam edəcək'

Erməni əsirlər Yerevana qayıdır. Foto arxiv

İyunun 12-də Ermənistan təkcə Ağdam rayonunda basdırılmış 97 min tank və piyada əleyhinə minaların xəritəsini Azərbaycanda saxlanılan 15 erməni hərbçinin müqabilində təqdim etdi. Azərbaycan rəsmiləri bu razılaşmanı humanist aksiya kimi qiymətləndirdi, Ermənistan Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan isə etiraf etdi ki, verilən xəritələr minalanmış ərazilərin kiçik bir hissəsidir: "Biz minalanmış ərazilərin xəritələrini ötürmüşük, ancaq bu, bizdə olan xəritələrin çox kiçik hissəsidir. Deyə bilməzdim ki, əhəmiyyətsiz, lakin kiçik hissəsidir". O, həmçinin ötən ilin dekabrında da belə bir mübadilə aparıldığını bildirib.

Buna da bax: Paşinyan minaların xəritəsindən danışdı

ABŞ-ın, Avropa institutlarının köməyi ilə başlayan proses davam edəcəkmi? Digər mina xəritələri Azərbaycana təhvil veriləcəkmi? Prosesin davamı olacaqsa, bu, Azərbaycana nə vəd edir? AzadlıqRadiosu bu suallara cavab axtarır.

İyunun 12-də Prezident İlham Əliyev Bakıda bir qrup xarici ölkənin Azərbaycana yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən bildirdi ki, Ermənistan Azərbaycana basdırdığı yüz minlərlə minaların xəritəsini verməlidir.

"Əgər onlar bunu etməsələr, bu, bir daha həmin ölkənin terrorçu xislətini nümayiş etdirəcək", - dövlət başçısı söylədi.

C.Məmmədov

"Bayden Cənubi Qafqazda öz aktiv rolunu oynamağa çalışır"

Milli Məclisin deputatı Ceyhun Məmmədovun fikrincə, ötən həftə baş verən mübadilə növbəti dəfə Prezident İlham Əliyevin davamlı və sistemli siyasətinin nəticəsidir: "Biz bir müddət müşahidə edirdik ki, Ermənistan 10 noyabr razılaşmasını yerinə yetirmək istəmir, o cümlədən də mina xəritələrini Azərbaycana vermək istəmirdi".

Deputat beynəlxalq qurumların və xarici dövlətlərin böyük əksəriyyətinin bu məsələyə qarışmadıqlarını, sadəcə, kənardan izlədiklərini deyir: "Davamlı Azərbaycana təzyiq etməyə çalışırdılar ki, siz erməni əsirlərini geri qaytarmalısınız, amma onlar terrorçulardır. Minalardansa, ümumiyyətlə, söhbət getmirdi. Ermənistan da gah deyirdi ki, xəritə yoxdur, gah da müxtəlif bəhanələr gətirirdi. Amma cənab prezidentin rəhbərliyi ilə Azərbaycan bu xəritələri geri aldı".

Buna da bax: Riker Azərbaycanda saxlanan erməni hərbçilərdən danışdı

O, mina xəritələrinin məhz indiki məqamda verilməsinin vacib olduğunu düşünür: "Biz Ağdama Böyük Qayıdış planını reallaşdırmağa başlamışıq. Bu, bizim üçün xüsusi önəm daşıyır".

C.Məmmədovun fikrincə, başqa böyük diplomatik uğur ondan ibarətdir ki, son prosesdə hamı artıq ABŞ və Gürcüstanın rolunu görür: "Trampın dövründə Amerika bölgədə fərqli siyasət yeridirdisə, bu gün Bayden Cənubi Qafqazda bu prosesdə öz aktiv rolunu oynamağa çalışır. Bu baxımdan, artıq Gürcüstanın və ABŞ-ın prosesdə rolu yüksək qiymətləndirilir".

"Azərbaycanda saxlanılan digər ermənilər də Ermənistana təhvil veriləcək"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da mina xəritələrinin 15 erməni hərbçisi ilə dəyişdirilməsini çox uğurlu gediş sayır: "Biz 97 min basdırılmış minanın xəritəsini əldə etdik. Üstəgəl, bu, seçkiqabağı Nikol Paşinyanın da mövqeyini gücləndirdi. Bu da bizim maraqlarımıza cavab verir".

E.Şahinoğlu

Politoloqun fikrincə, növbəti günlərdə araşdırmalardan sonra Azərbaycanda saxlanılan digər ermənilər də Ermənistana təhvil veriləcək: "Bir qrup erməninin məhkəməsi başlayır. Onlar, əlbəttə ki, bir müddət təhvil verilməyəcək. Onlara iş kəsiləcək, sonra isə müəyyən şərtlərlə təhvil verilmə məsələsinə baxıla bilər. Azərbaycana heç bir itki verməyən ermənilərinsə mina xəritələri ilə dəyişdirilməsi prosesi davam edəcək. Altı gün sonra Ermənistanda parlament seçkiləridir və Paşinyan bu günlər ərzində digər mina xəritələrini verməyə çalışacaq".

Azərbaycan ötən ilki 44 günlük müharibədən sonra işğal olunmuş ərazilərini qaytarmağa, bir qismi üzərində nəzarəti bərpa etməyə nail olub. Həmin ərazilərdə quruculuq işlərinə başlamazdan öncə minadan təmizləmə işləri aparılır. Rəsmi Bakı dəfələrlə Ermənistandan minalanmış ərazilərin xəritəsini tələb edib. Hətta beynəlxalq aləmi bu məsələdə dəstək görməyə çağırıb.